Stokholm, 5 may, AZƏRTAC
İsveç hökuməti “MKİ-nin İsveç analoqu” adlandırılan yeni mülki xarici kəşfiyyat xidmətinin yaradıldığını elan edib.
AZƏRTAC xəbər verir ki, yeni idarə İsveç Xarici Kəşfiyyat Xidməti (UND) adlanır və nəzərdə tutulduğu kimi, onun 2027-ci il yanvarın 1-dən fəaliyyətə başlayacağı planlaşdırılır.
Təşəbbüs sabiq Baş nazir və xarici işlər naziri Karl Bildtin rəhbərliyi altında hazırlanmış təklifə əsaslanır. Yeni strukturun məqsədi ölkənin getdikcə mürəkkəbləşən qlobal təhdidlərə cavab vermək qabiliyyətini gücləndirməkdir. UND İsveç hərbi kəşfiyyat agentliyi olan “Must”un bəzi funksiyalarını öz üzərinə götürəcək və Silahlı Qüvvələr, İsveç kəşfiyyat agentliyi FRA, habelə İsveç təhlükəsizlik xidməti “Säpo” ilə sıx əməkdaşlıq edəcək.
Xarici işlər naziri Maria Malmör Stenerqard mətbuat konfransında Ukraynadakı müharibənin effektiv kəşfiyyat məlumatları toplanmasının və sürətli uyğunlaşmanın vacibliyini nümayiş etdirdiyini vurğulayıb. “Yeni idarə İsveçin xarici, müdafiə və təhlükəsizlik siyasətini dəstəkləyəcək. O, həmçinin İsveçə qarşı təhdidlərin müəyyən edilməsi ilə məşğul olacaq”, - deyən Stenerqard, həmçinin UND-i Böyük Britaniyadakı MI5, eləcə də Niderland və Estoniyadakı oxşar agentliklər ilə müqayisə edib. Yeni xidmətin rəhbərinin kim olacağı hələ müəyyən edilməyib.
Eyni zamanda, təşəbbüs mövcud kəşfiyyat sisteminin artıq effektiv olduğuna inanan və qeyri-sabit dövrlərdə islahatların riskləri barədə xəbərdarlıq edən Silahlı Qüvvələr tərəfindən tənqid olunub.