Avropa Siyasi Birliyi Cənubi Qafqaz regionuna marağını nümayiş etdirib və Moskvaya siqnal göndərib...
Müəllif: Markus Akkeret
Neue Zürcher Zeitung nəşri, Almaniya
Avropa Siyasi Birliyi 2022-ci ildə yaradıldıqdan sonra Avropa İttifaqına üzv dövlətləri qonşu ölkələrlə bir araya gətirməyi, təhlükəsizlik, enerji və iqtisadi siyasəti Aİ sərhədlərindən kənarda düşünməyi hədəfləyib. Xüsusilə Ukraynada müharibə və Rusiya ilə münasibətlərin qırılması fonunda dövlət və hökumət başçılarının görüşləri böyük əhəmiyyət kəsb edir, xüsusən də bu toplantılar qitənin periferiya bölgələrində keçirildikdə.
Bazar ertəsi Ermənistanın paytaxtı İrəvanda keçirilən Avropa Siyasi Birliyinin səkkizinci sammiti bu baxımdan diqqət çəkib. 48 dövlət və hökumət başçısının, o cümlədən ilk dəfə Kanadanın nümayəndələrinin iştirak etdiyi görüş Cənubi Qafqazın Avropa üçün əhəmiyyətini vurğulayıb. Eyni zamanda bu tədbir Ermənistanın Aİ ilə daha sıx yaxınlaşma istiqamətində atdığı addımların qiymətləndirilməsi kimi dəyərləndirilir. Bu isə ölkədə parlament seçkilərinə az qalmış baş verib və Moskvada şübhə ilə izlənildiyi ehtimal olunur.
Ermənistan xarici siyasətini yenidən qurur
Avropa Şurasının prezidenti Antonio Koşta ev sahibi, Ermənistanın baş naziri Nikol Paşinyana müraciətində bildirib ki, İrəvanda bu səviyyədə toplantının keçirilməsi Ermənistanın seçdiyi geosiyasi kursun bariz göstəricisidir. Onun sözlərinə görə, növbəti gün keçirilən Aİ–Ermənistan sammiti də bu istiqamətdə mühüm addımdır.
Bir neçə il əvvəl Ermənistanın belə toplantılara ev sahibliyi etməsi çətin görünürdü. Ölkə Azərbaycanla həll olunmamış münaqişə vəziyyətində idi və açıq şəkildə Rusiyanın təsir dairəsində qalırdı. Cənubi Qafqazda isə Aİ-yə yaxın tərəfdaş və islahat nümunəsi kimi Gürcüstan göstərilirdi. Lakin hazırda Gürcüstan hökuməti ilə Aİ arasında ciddi fikir ayrılıqları mövcuddur.
Əksinə, Ermənistan hökuməti 2020 və 2023-cü illərdə Qarabağ uğrunda Azərbaycanla baş vermiş müharibələrdən sonra Avropa ilə yaxınlaşmanı sürətləndirib. Daxildə ciddi müqavimətə baxmayaraq, Paşinyan yeni xarici siyasət kursu formalaşdıraraq Azərbaycan və Türkiyə ilə dərin köklərə malik münaqişələrdən uzaqlaşmağa və Rusiyanın təsirindən çıxmağa çalışır. ABŞ-nin vasitəçiliyi ilə Bakı ilə sülh prosesi yekun mərhələyə çatdırılıb. Onilliklərdir bağlı olan Türkiyə ilə quru sərhədin yaxın zamanda açılması ehtimalı var. Türkiyənin vitse-prezidenti Cevdet Yılmazın sammitdə iştirakı dəyişikliklərin miqyasını göstərir.

Eyni zamanda son Qarabağ müharibələrindən sonra Moskva ilə məsafə artır. Ermənistanın təhlükəsizlik zəmanətçisi olan Rusiyanın və onun rəhbərlik etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Bakıya qarşı dəstək verməməsi həlledici amil olub. Bu vəziyyət Paşinyanın Qərbə inteqrasiya kursunu gücləndirib.
Putin Paşinyanı nəticələr barədə xəbərdar edib
Rusiya ilə münasibətlərdə gərginlik aprelin əvvəlində Paşinyanın Kremlə səfəri zamanı açıq şəkildə hiss olunub. Səkkiz il əvvəl xalq etirazları nəticəsində hakimiyyətə gəlmiş Paşinyanla Rusiya prezidenti Vladimir Putin arasında münasibətlər hər zaman soyuq olub. Bu dəfə Putin çıxışında Ermənistanın Avropaya marağını anlayışla qarşıladığını bildirsə də, açıq şəkildə xəbərdarlıq edib ki, Aİ üzvlüyü ilə Avrasiya İqtisadi İttifaqında iştirak bir araya sığmır.
Bundan əlavə, Putin Rusiyanın Ermənistandan gözləntilərini də dilə gətirib və parlament seçkilərində bütün siyasi qüvvələrin, o cümlədən Rusiya pasportu olan siyasətçilərin iştirak etməli olduğunu vurğulayıb. Bu, Rusiyaya yaxın iş adamı Samvel Karapetyana işarə kimi qiymətləndirilir. O, həmçinin təbii qazın aşağı qiymətini xatırladaraq Moskvadan uzaqlaşmanın mümkün nəticələrinə işarə edib.
Paşinyan isə ittihamlara diplomatik, lakin aydın cavab verib. O bildirib ki, Ermənistan demokratik dövlətdir və sosial şəbəkələr tam azaddır. Eyni zamanda, xarici vətəndaşlığı olan şəxslərin seçkilərdə iştirakı Konstitusiyaya ziddir. Bu bəyanatlar Rusiyada söz azadlığına təzyiqlərin artdığı bir dövrdə diqqət çəkib.
Putinin açıqlamaları göstərir ki, Ermənistanda hərbi bazası olan Rusiya Cənubi Qafqazdakı mövqelərindən asanlıqla imtina etmək niyyətində deyil.
Ukraynadakı müharibə Moskvanın resurslarını ciddi şəkildə məhdudlaşdırıb və digər regionlarda təsir imkanlarına təsir göstərib. Bu fonda Avropa qitəsi üçün 360 dərəcə təhlükəsizlik yanaşmasının vacibliyi daha aydın görünür. Antonio Koşta sammitdən sonra bu məsələyə diqqət çəkib. Onun bu sözləri həm də Ermənistanın cənub qonşusu olan İran faktoruna işarə kimi qiymətləndirilir.
Poliqon.info