AZ

20 illik zəhmət siçovullara görə KÜL OLDU... – Gəncədəki dəhşətli yanğının TƏFƏRRÜATI – VİDEO

"20 il ərzində əmək sərf etdiyimiz və böyük maliyyə investisiyası qoyulan müəssisə bir anın içində külə döndü. 1500 kvadratmetr ərazinin demək olar ki, yarıdan çoxu yanıb. İlkin hesablamalara görə təxminən 750 kvadratmetr ərazidə yerləşən bütün istehsal xətti yanıb. Milyonlarla ziyan dəyib. Bunun altından necə çıxacağımızı bilmirəm vallah. Bütün avadanlıqlar yarasız haldadır. Tumu qovuran sobalar, tumları ələyən və daşıyan xüsusi qurğu, məhsulu qablaşdıran aparatlar, xammal və hazır məhsullar, hər şey yanıb kül oldu”.

Bu sözləri Bizim.Media-nın yerli bürosuna Qərb regionunda qabaqcıl tum istehsalçılarından olan “Bizim Ailə” müəssisəsinin sahibi Fizuli Usubov qeyd edib.

Onun sözlərinə görə tum istehsalı sahəsində regionda ən qabaqcıl müəssisələrdən biri də onların sexi idi:

“20 il bundan əvvəl bu sexi nə zülm, əziyyətlə ərsəyə gətirmişdik. Bu müəssisənin bir hissəsini bir qədər öz vəsaitimiz, bir hissəsini isə sahibkarlarla dəstək fondunun köməkliyi ilə aldığımız kredit hesabına qurmuşuq. Bütün avadanlıqları Rusiyadan və Türkiyədən almışdıq. Milyonlarla pul xərcləmişdik. Hələ heç kreditləri tam bağlamamışıq. Bu günə orta hesabla 900 000 manata yaxın kredit borcumuz qalıb. Burada 40-a yaxın adam evinə çörəkpulu aparırdı.

Bundan sonra bu sexin tək binasının yenidən qurulmasına 1 milyona yaxın pul lazımdır. Hələ avadanlıqlar demirəm. Bir sahibkar kimi dövlətimdən köməklik rica edirəm. Bu qədər ziyanı mən tək qarşılamaq gücündə deyiləm. Ümid edirəm ki, bir sahibkar kimi mənə və 40-a yaxın işçimizə, onların ailələrinə yardımçı olarlar”, - deyə F. Usubov əlavə edib.

Sahibkar müəsisədəki yanğının baş vermə səbəbi ilə bağlı hər hansı cinayət tərkibinin olmadığını da bildirdi.

“Bizim bu müəssisəni yenidən bərpa etməyimiz çox çətin məsələdir. Həm vəsait, həm də vaxt baxımından buna aylar lazım olacaq. Hadisə qısaqapanma nəticəsində baş verib. Bunu kameralardan da aydın görmək mümkündür. Elektrik naqilinin gəmiricilər tərəfindən zədələnməsi sonda qısaqapanmaya səbəb olub. Hadisə səhərə yaxın baş verdiyindən, içəridə olan avadanlıqlar və digər əşyalar yanıb. Yanğının həcmi çox böyük olub” - deyə dahibkar əlavə edib.

Müəssisənin sığortalanması məsələsinə də toxunan Usubov hazırda müvafiq qurumların nümayəndələri tərəfindən dəymiş ziyanın hesablandığını vurğulayıb:

“Fəaliyyətə başladığımız zamandan müəssisəmiz sığortalanıb. Dəymiş ziyan milyonlarladır. Onun nə qədərini sığorta şirkəti qarşılayacaq onu bilmirəm. Yenə də ümidimiz dövlətimizədir. Dövlət dəstəyi olmasa, yenidən ayağa qalxmaq mümkünsüzdür”.


Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu

Seçilən
33
1
bizim.media

10Mənbələr