AZ

11 yaşlı rəssamın rənglər dünyası

CASCFEN-in təşkilatçılığı ilə 11 yaşlı Yağmur Kamerin “Mənim dünyam” adlı ilk fərdi sərgisi keçirilib. 

Ucnoqta.az xəbər verir ki, mayın 2-də Bakıda Xətai Sənət Mərkəzində keçirilən 11 yaşlı Yağmur Kamerin “Mənim dünyam” adlı ilk fərdi sərgisi sadəcə keçirilib. “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” (CASCFEN) Ictimai Birliyinin təşkilatçılığı ilə keçirilən tədbirin açılış mərasimində Azərbaycan Rəssamlar İttifaqının üzvləri, Türkiyə Səfirliyinin Ticarət Başmüaviri Nevzat Bozkurt, Yunus Əmrə İnstitutunun Azərbaycan korrdinatoru Gökhan Seyhan, iş adamları, müxtəlif təşkilatların və media qurumlarının təmsilçiləri, o cümlədən uşaq və gənclər iştirak ediblər.

CASCFEN-in Mətbuat xidmətindən verilən məlumata görə, gənc aparıcı Nuray Ədilzadənin təqdimatı ilə başlayan mərasimdə Yağmur haqqında qısa məlumat verilib. Bildirilib ki, valideynləri Türkiyənin məhşur iş adamları olan Yağmur Kamer 2014-cü ildə Bakıda anadan olub. Hazırda Bakıdakı British School-un 6-cı sinifində təhsil alan Yağmur 7-8 yaşlarından rəsm çəkməyə başlayıb. 

Sonra sərginin keçirilməsi ideyası barədə danışan CASCFEN sədri Nadir Azəri sərginin 3 may - Türkçülük Günü ərəfəsində keçirildiyini xüsusi vurğulayıb. Nadir Azəri həmçinin Yağmurun gələcəkdə öz əsərləri ilə Türk dünyasına mühüm töhfələr verəcəyinə inandığını ifadə edib.

Açılış çıxışı edən Yunus Əmrə İnstitutunun Azərbaycan korrdinatoru Gökhan Seyhan sərginin Türk dünyası gəncləri üçün yeni və perspektivli bir başlanğıc olduğunu vurğulayıb. O, gənc rəssamın gələcəyinə inam ifadə edib.

Mərasimdə çıxış edən Türkiyə Cümhiryyətinin Azərbaycandakı Səfirliyinin Ticarət Başmüşaviri Nevzat Bozkurt da Yağmurun istedadını yüksək qiymətləndirərək, onun gələcəkdə daha böyük uğurlar qazanacağına inandığını bildirib.

Daha sonra çıxış edən Yağmurun valideynləri Tuğba Kamer və Serkan Kamer övladlarının uğurundan qürur duyduqlarını, onun inkişafına hər zaman dəstək verəcəklərini qeyd ediblər.

Anası Tuğba Kamer, “Yağmur bizim rəngli dünyamızdır. Bu gün o, həmin rəngli dünyasını bizə və sizlərə tanıtdı. Bu, bizim üçün çox xüsusi və qürurverici bir gündür” -deyib. 

Atası Serkan Kamer isə “İnşallah, Yağmurun rəsmlərini gələcəkdə daha geniş platformalarda, daha gözəl sərgilərdə görməyi arzulayırıq. Onun bu sahədə inkişaf etməsi üçün belə bir tədbirin keçirilməsi çox önəmlidir” -deyib.

Təbrik çıxışı edən Beynəlxalq Qalareyanın rəhbəri Elnurə İsgəndərova sərginin Yağmurun timsalında Türk dünyasının gələcək istedadlarına bir dəstək olduğunu bildirib, Yağmura uğurlar arzu edib.

Yağmurun rəsm müəllimi Lamiyə Yüzbaşova isə şagirdinin uğurunu onun üçün ən böyük sevinc olduğunu deyib.

Sonda Yağmur Kamer çıxış edərək öz dünyasını rənglərlə ifadə etdiyini, bu dünyanı insanlarla bölüşməkdən böyük xoşbəxtlik duyduğunu bildirib: “Rəsm çəkməyə kiçik yaşlarımdan başlamışam, amma hər bir cizgi ilə bir az daha böyümüşəm. Fırçamla təkcə rəngləri deyil, hisslərimi, xəyallarımı və öz dünyamı ifadə edirəm. Mənim dünyam bəzən rəngarəng, bəzən sakitdir, amma hər zaman mənə məxsusdur. Bəzən sözlər kifayət etmir, amma rənglər həmişə danışır. Bu sərgidə gördüyünüz hər rəsm mənim bir parçamdır. Kiçik ola bilərəm, amma içimdə böyük bir dünya var. Bu gün isə həmin dünyanı sizinlə paylaşdığım üçün çox xoşbəxtəm. Təşəkkür edirəm”.

Tədbirin yekununda Nadir Azəri Yağmur Kameryə CASCFEN adından diplom, həmçinin yazıçı Musa Mərcanlının Qarabağdakı quruculuq proseslərindən bəhs edən kitabını hədiyyə olaraq təqdim edib.

Mərasimdən sonra Yağmur Kamerin sərgilənən 20 rəsminə baxış keçirilib.

Sonda xatirə fotosu çəkilib.

Seçilən
8
6
ucnoqta.az

7Mənbələr