AZ

"Milli Məclisin qərarı suveren dövlət iradəsinin ifadəsidir” - Deputat

"Prezident İlham Əliyevin “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısında videobağlantı formatında çıxışı Azərbaycanın postmünaqişə dövründə formalaşdırdığı yeni siyasi reallığı, sülh quruculuğu fəlsəfəsini və suverenlik prinsipinə əsaslanan diplomatik iradəsini aydın şəkildə nümayiş etdirir. Bu çıxışın mahiyyətində Azərbaycanın tarixi qələbədən sonra seçdiyi məsuliyyətli siyasi xətt dayanır".

Bu barədə Redaktor.az-a açıqlamasında deputat Rövşən Muradov bildirdi.

Onun sözlərinə görə, İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra regionda qarşıdurmanı dərinləşdirən ritorikanı yox, sabitlik, bağlantılar, qarşılıqlı etimad və iqtisadi əməkdaşlıq gündəliyini irəli sürdü:

"Bu, sadəcə diplomatik jestlər sistemi sayıla bilməz, bu, qalib dövlətin öz gücünü regional inkişaf arxitekturasına çevirmək bacarığıdır. Azərbaycan sübut etdi ki, real güc yalnız hərbi-siyasi üstünlükdə deyil, həmin üstünlüyü davamlı sülhə və yeni əməkdaşlıq imkanlarına transformasiya etmək qabiliyyətindədir. Prezidentin çıxışında diqqət çəkən əsas məqamlardan biri Ermənistanın “Avropa Siyasi Birliyi”nin Zirvə görüşünün 2028-ci ildə Azərbaycanda keçirilməsini dəstəkləməsidir. Uzun illər davam etmiş münaqişə tarixindən sonra belə bir razılığın meydana çıxması Cənubi Qafqazda yeni psixoloji mühitin formalaşdığını göstərir. Bu fakt Azərbaycan-Ermənistan münasibətlərində sülhün artıq nəzəri ehtimal mərhələsini aşaraq real siyasi prosesə çevrildiyini təsdiqləyir. Prezidentin “sülhdə yaşamağı öyrənirik” məzmunlu fikri region üçün yeni davranış mədəniyyətinin başlanğıcını ifadə edir: burada sülh təkcə imzalanmış sənəd məntiqində qalmır, gələcək birgəyaşayışın siyasi, iqtisadi və humanitar əsasına çevrilir. Azərbaycanın sülhə münasibəti praktik addımlarla təsdiqlənir. Dövlətimizin 1990-cı illərin əvvəlindən Ermənistana tətbiq olunan tranzit məhdudiyyətlərini birtərəfli qaydada aradan qaldırması mühüm siyasi iradənin göstəricisidir. Daha bir mühüm fakt ondan ibarətdir ki, Azərbaycan ilk dəfə olaraq öz neft məhsullarını benzin və dizeli Ermənistana ixrac etməyə başlamış, bu çərçivədə 12 min ton neft məhsulu tədarük olunub. Bu göstəricilər sülh prosesinin real iqtisadi məzmun qazandığını, qarşılıqlı fayda üzərində qurulan yeni münasibətlər modelinin formalaşdığını nümayiş etdirir".

Deputat vurğuladı ki, Azərbaycanın bağlantılar siyasəti postmünaqişə dövrünün mühüm strateji istiqamətlərindən biridir.  R.Muradovun fikrincə, “Trampın Beynəlxalq Sülh və Rifah Marşrutu”nun Azərbaycanı Naxçıvanla birləşdirməsi və eyni zamanda Orta Dəhlizin tərkib hissəsinə çevrilməsi Cənubi Qafqazın geoiqtisadi xəritəsində yeni səhifə açır.

"Azərbaycan bu prosesdə yalnız tranzit funksiyası yerinə yetirən ölkə statusunda çıxış etmir, ölkəmiz Avropa ilə Asiya arasında strateji körpü, enerji və nəqliyyat təhlükəsizliyinin etibarlı dayağı, regional əməkdaşlığın aparıcı təşəbbüskarı kimi mövqelənir. Azərbaycan 2001-ci ildən Avropa Şurasının üzvü olsa da, 2024-cü ildə AŞPA tərəfindən ölkəmizin nümayəndə heyətinə qarşı məhdudiyyətlərin tətbiqi ədalətli institusional davranış prinsipləri ilə uzlaşmır. Xüsusilə bu qərarın Azərbaycanın 2023-cü ilin sentyabrında Qarabağda separatçılığa son qoymasından sonra qəbul edilməsi məsələnin siyasi mahiyyətini daha aydın göstərir. Azərbaycan BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş və otuz il ərzində icrasız qalmış dörd qətnaməsini öz gücü ilə reallaşdırıb. Bu, beynəlxalq hüququn, ərazi bütövlüyü prinsipinin və tarixi ədalətin bərpası idi. Avropa Parlamentinin 2021-ci ilin mayından 2026-cı ilin aprelin 30-dək Azərbaycanla bağlı 14 qətnamə qəbul etməsi də selektiv siyasi mövqelənmənin bariz nümunəsidir. Azərbaycan parlamentinin Avropa Parlamenti ilə əməkdaşlığı dayandırmaq, Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlığı Komitəsində iştirakına son qoymaq və Avronest Parlament Assambleyasında üzvlüyün dayandırılması prosedurlarına başlamaq barədə qərarı bu kontekstdə suveren dövlət iradəsinin ifadəsi kimi qiymətləndirilməlidir", - deyə o yekunlaşdırdı.

NURİYYƏ

Seçilən
12
1
redaktor.az

2Mənbələr