AZ

Putin, Tramp və Avropa Qafqaz uğrunda bir-birini qırır...



İrəvanda keçirilən Avropa Siyasi Birliyinin iclası və ardınca Ermənistanla Avropa İttifaqı arasında ilk sammitin təşkili Cənubi Qafqazın dünya gücləri üçün yeni rəqabət meydanına çevrildiyini təsdiqlədi. Bu rəqabət artıq bəyanatlar səviyyəsini aşıb - konkret maliyyə paketləri, infrastruktur layihələri və təhlükəsizlik təşəbbüsləri ilə müşayiət olunan real geosiyasi çəkişməyə çevrilib. Prosesin mərkəzində üç əsas oyunçu dayanır: Rusiya, ABŞ və Avropa İttifaqı. Türkiyə və Çin də prosesdən kənarda deyil, lakin strateji təşəbbüslər əsasən Vaşinqton, Brüssel və Moskva üçbucağında formalaşır.

Rəqabətin ən görünən istiqaməti nəqliyyat və enerji dəhlizləri uğrundadır. Ukrayna müharibəsi şimal marşrutlarını, Yaxın Şərqdəki gərginlik isə cənub yollarını riskli edib. Bu şəraitdə Avropa ilə Asiyanı birləşdirən ən qısa alternativ Qafqazdan keçir. ABŞ-ın təşviq etdiyi TRIPP dəhlizi — "Trump Route for International Peace and Prosperity" - məhz bu məntiqlə ortaya çıxıb və Vaşinqtona 99 illik iqtisadi hüquqlar nəzərdə tutur. Söhbət təkcə avtomobil və dəmir yolundan getmir: layihə Azərbaycanı Naxçıvanla birləşdirən marşruta nəzarəti, neft-qaz kəmərlərini və optik lif xətlərini də əhatə edir. Yəni ABŞ regionda həm logistika, həm enerji, həm də rəqəmsal infrastrukturun operatoruna çevrilmək istəyir. Paralel olaraq Avropa İttifaqı Ermənistanla 2,5 milyard avroluq "əlaqəlilik tərəfdaşlığı" hazırlayır. Hər iki layihənin hədəfi eynidir: Qafqazdan keçən ticarət və enerji axınlarına təsir etmək. Rusiya isə Avrasiya İqtisadi İttifaqı, Gümrüdəki hərbi bazası və qaz tədarükündən asılılıq vasitəsilə mövcud mövqeyini qorumağa çalışır. Amma Ukraynadakı müharibə Moskvanın resurslarını tükədib, Qarabağda Ermənistanı qoruya bilməməsi isə İrəvanda dərin etimad böhranı yaradıb.

Siyasi oriyentasiya uğrundakı mübarizə də getdikcə kəskinləşir. Ermənistan ötən il Avropa İttifaqına üzvlük niyyətini bəyan edib, Qərblə təhlükəsizlik əməkdaşlığını dərinləşdirir. Aİ-nin planlaşdırdığı yeni mülki missiya kiberhücum və dezinformasiya ilə mübarizə üzrə məsləhətlər verəcək. Kreml buna sərt reaksiya göstərir: Putinin Paşinyana dediyi "Aİ ilə eyni vaxtda Aİİ-də üzvlük mümkün deyil" sözləri artıq diplomatik xəbərdarlıq deyil, birbaşa təzyiqdir. Rusiya ilk dəfə Ermənistana bu qədər açıq və birbaşa təhdidlər tətbiq edir. İrəvanın sammitin yekun kommünikesindən sanksiyalardan yayınma bəndinin çıxarılmasını xahiş etməsi, Aİ-nin isə buna imtina etməsi bu gərginliyin bariz göstəricisidir.

Üçüncü istiqamət Mərkəzi Asiyaya çıxış uğrundadır. TRIPP dəhlizi Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu ilə Qazaxıstan, Özbəkistan, Türkmənistan üzərindən Çinə, qərbdə isə Türkiyə vasitəsilə Avropaya bağlanmalıdır — beləliklə, Rusiyadan yan keçən "Orta Dəhliz" formalaşır. Aİ Mərkəzi Asiyanın beş ölkəsi ilə 12 milyard avroluq investisiya proqramı imzalayıb, Tramp Mərkəzi Asiya liderlərini Ağ Evdə qəbul edib, Çin isə "Bir kəmər, bir yol" təşəbbüsü çərçivəsində Qazaxıstanda sammit keçirib. Qafqaz bu zəncirin açar bəndidir: kim regiona nəzarət etsə, Çin-Avropa ticarətinin əsas arteriyasına təsir imkanı qazanacaq.

Bununla belə, rəqabətdə hələ qəti qalib yoxdur. Rusiyanın əlindəki Gümrü bazası, Ermənistanın qaza tədarükündən asılılığı və Avrasiya İqtisadi İttifaqındakı üzvlük Moskvaya ciddi təsir rıçaqları verir. Gürcüstan nümunəsi də göstərir ki, Qərb dəstəyi şərtsiz deyil: Tiflis Qərbə inteqrasiya kursunu seçəndə "xarici agentlər" qanununa görə Brüssel Aİ prosesini dayandırdı. Bu, daxili sabitlik pozulanda Qərbin geri çəkilə biləcəyini sübut edir.

Türkiyə də bu oyunun aktiv iştirakçısıdır. Azərbaycanla hərbi müttəfiq olan Ankara 1993-cü ildən bağlı saxladığı Ermənistan sərhədini açmağa hazırlaşır, aviaəlaqə artıq bərpa edilib. Sərhədin açılması TRIPP dəhlizinin Türkiyə üzərindən Avropaya çıxması deməkdir - bu həm Ankaranın regional çəkisini artırır, həm də Rusiyanı daha da sıxışdırır.

Nəticədə Qafqazda nüfuz mübarizəsi yeni mərhələyə keçib. Ukrayna və Yaxın Şərq müharibələri alternativ yolları bağladığından, regionun strateji dəyəri kəskin artıb. ABŞ-ın Cənubi Qafqaza hazırkı marağı görünməmiş səviyyədədir və bu, Kremlin mövqeyini ciddi şəkildə sarsıdıb. Lakin mübarizə bitməyib. Rəqabət iqtisadi paketlər və infrastruktur layihələri şəklində gedir, arxasında isə hərbi və siyasi təsir dayanır. Qafqaz ölkələri üçün bu, həm tarixi fürsət, həm də ciddi risk dövrüdür - çünki seçim etməmək artıq mümkün deyil.

Dəniz NƏSİRLİ

Seçilən
38
50
baki-xeber.com

10Mənbələr