AZ

Kruiz gəmisində hantavirusa yoluxanların sayı artıb - Üç nəfər ölüb

"MV Hondius" kruiz gəmisində hantavirus infeksiyasına yoluxması təsdiqlənən sərnişinlərin sayı yeddi nəfərə çatıb.

Bu məlumat Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəsmi bəyanatında öz əksini tapıb.

"Xəstəliyə yeddi yoluxma halı aşkar olunub - iki hal laboratoriya şəraitində təsdiqlənmiş hantavirus infeksiyası, beş hal isə şübhəli bilinən. Bunlardan üçü ölümlə nəticələnib, bir xəstənin vəziyyəti kritikdir, üç nəfərdə isə xəstəlik yüngül əlamətlərlə müşahidə edilir", - deyə açıqlamada qeyd olunur.

Təşkilatın məlumatına əsasən, kəskin tənəffüs çatışmazlığı olan bir qrup sərnişin barədə xəbər mayın 2-də daxil olub. Hantavirus infeksiyasına xas əlamətlər xəstələrdə hələ 6-28 aprel tarixlərində yaranmağa başlayıb. Bildirilib ki, həmin əlamətlər yüksək hərarət, mədə-bağırsaq traktının pozulması, pnevmoniyanın qəfil inkişafı, kəskin tənəffüs çatışmazlığı sindromu və şok vəziyyəti kimi özünü büruzə verir. ÜST hazırda müvafiq araşdırmaların davam etdirildiyini diqqətə çatdırıb.

Təxminən üç həftə öncə Niderland bayrağı altında hərəkət edən kruiz layneri Argentinanın Uşuaya limanından ayrılaraq son dayanacağına - Kanar adaları istiqamətində yola çıxıb. Gəminin göyərtəsində olan 150-yə yaxın şəxsin çoxu ABŞ, Böyük Britaniya, İspaniya və Niderland vətəndaşlarıdır. Gəmi heyətində bir nəfər Rusiya vətəndaşı da fəaliyyət göstərir. Layner indiyədək Atlantik okeanında yerləşən bir neçə adada lövbər salıb. "MV Hondius" hazırda paytaxt limanına daxil olmasına qadağa qoyulmuş Kabo-Verde adası yaxınlığındadır.

Hantaviruslar qrupu əsas etibarilə xırda məməli heyvanlar arasında yayılan, ancaq insanlara da keçə bilən virus növüdür. Xəstəliyin ağır formalarında insanlarda ağciyərlərin zədələnməsi, ürək çatışmazlığı və hemorragik qızdırma halları meydana gəlir.
Seçilən
17
7news.az

1Mənbələr