AZ

Azərbaycanla İtaliya arasında əlaqələr yalnız maraqlara deyil, həm də ortaq baxışlara söykənir – ŞƏRH

Bakı, 5 may, AZƏRTAC

Azərbaycan ilə İtaliya arasında münasibətlər artıq formal tərəfdaşlıq çərçivəsini aşaraq real strateji məzmun kəsb edir. Bu əməkdaşlıq müxtəlif istiqamətlər üzrə paralel şəkildə inkişaf edərək həm siyasi dialoqun dərinliyini, həm də iqtisadi əlaqələrin miqyasını aydın şəkildə ortaya qoyur.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Musa Quliyev deyib.

“İqtisadi sahədə əldə olunan nəticələr bu əlaqələrin praktik əhəmiyyətini təsdiqləyir. Ticarət dövriyyəsinin yüksək həcmi iki ölkə arasında qarşılıqlı maraqların sabit xarakter daşıdığını göstərir. Mövcud göstəricilər yalnız cari vəziyyəti deyil, eyni zamanda, yeni investisiya və layihə imkanlarının da kifayət qədər geniş olduğunu nümayiş etdirir. Enerji əməkdaşlığı bu münasibətlərin əsas sütunlarından biri kimi çıxış edir. Azərbaycanın Avropaya qaz ixracı, xüsusilə İtaliya istiqamətində həyata keçirilən tədarük, qitənin enerji balansında mühüm rol oynayır. Bu amil Azərbaycanı etibarlı tərəfdaş kimi möhkəmləndirməklə yanaşı, münasibətlərə uzunmüddətli sabitlik qazandırır. Bununla bərabər, sənaye və müdafiə sahələrində qarşılıqlı fəaliyyət yeni mərhələyə daxil olur. Texnoloji imkanların paylaşılması və birgə təşəbbüslər tərəflər arasında əməkdaşlığın keyfiyyətcə daha yüksək səviyyəyə yüksəlməsinə şərait yaradır. Humanitar sahədə isə təhsil layihələri, universitetlərarası tərəfdaşlıq və akademik mübadilə proqramları bilik və təcrübə dövriyyəsini gücləndirir. Bu proses yalnız təhsil sahəsini əhatə etmir, eyni zamanda, cəmiyyətlər arasında qarşılıqlı anlaşmanı möhkəmləndirir”, - deyə M. Quliyev bildirib.

Deputatın sözlərinə görə, siyasi münasibətlər qarşılıqlı etimada əsaslanır və beynəlxalq müstəvidə açıq şəkildə müşahidə olunur. İtaliyanın ölkəmizə verdiyi dəstək ikitərəfli əlaqələrin sadəcə maraqlara deyil, həm də ortaq baxışlara söykəndiyini göstərir. Bu yanaşma Avropa kontekstində Azərbaycanın mövqeyinin daha geniş şəkildə qəbul olunmasına təsir edir. Regionda ardıcıl və sabitliyə hesablanan siyasi xətt ölkəmizin beynəlxalq nüfuzunu gücləndirir və etibarlı aktor kimi qəbulunu möhkəmləndirir. Sülh təşəbbüsləri və konstruktiv mövqe regionda yeni mərhələnin formalaşmasına zəmin yaradır. Azərbaycan–İtaliya əlaqələri ardıcıl inkişaf edən və müxtəlif istiqamətləri əhatə edən münasibətlər toplusu kimi xarakterizə olunur. Bu dinamika gələcəkdə daha geniş imkanların formalaşacağını göstərir.

Seçilən
2
2
azertag.az

3Mənbələr