AZ

Milyonerlər hər gün nədən əziyyət çəkir?

Kənardan baxanda milyonlarla dollar, lüks həyat və sərbəst imkanlar mükəmməl həyat təsiri yaradır. Amma reallıq fərqlidir - böyük sərvət bəzən daha az görünən, lakin daha ağır psixoloji yüklər də gətirir.

Ölkə.Az Valyuta.az-a istinadən xəbər verir ki, CNBC-nin terapevtlərlə apardığı müsahibələrə əsasən, super varlı insanlar da bir çoxlarının düşündüyünün əksinə olaraq ciddi psixoloji və emosional problemlərlə üzləşirlər. 

Məlumata görə, cəmiyyətdə geniş yayılmış fikrin əksinə olaraq, yüksək gəlir və sərvət avtomatik olaraq xoşbəxt və problemsiz həyat demək deyil. Əksinə, varlı insanlar tez-tez təcrid, depressiya və güvənsizlik kimi hisslərlə mübarizə aparır.

Ekspertlərin sözlərinə görə, ən böyük problemlərdən biri təcrid hissidir. Super varlı insanlar çox dar bir çevrədə yaşadıqları üçün onların həyatını və problemlərini anlayan insanların sayı az olur. Bu isə münasibətlərdə səmimiyyətlə bağlı suallar yaradır - insanlar onları şəxsiyyətlərinə görə yox, maddi imkanlarına görə qiymətləndirə bilər.

Klinik psixoterapevt Paul Hokemeyer bildirib ki, varlı şəxslərin münasibətləri çox vaxt onların kim olduqları ilə deyil, başqalarına nə verə biləcəkləri ilə müəyyən olunur. Bu da zamanla insanlara qarşı şübhə və inamsızlığın artmasına səbəb olur.

Digər mühüm problem isə paranoya və güvənsizlik hissidir. Ekspertlər qeyd edir ki, varlı insanlar ətrafdakıların onlara marağının səmimi olub-olmadığını ayırd etməkdə çətinlik çəkir. Xüsusilə maliyyə baxımından qeyri-bərabər münasibətlərdə bu problem daha qabarıq görünür.

Araşdırmada həmçinin qeyd olunur ki, sərvətin əldə olunma yolu da psixoloji vəziyyətə təsir edir. Öz zəhməti ilə varlanan insanlar daha güclü nəzarət hissinə malik olur və sərvəti itirsələr belə yenidən qazana biləcəklərinə inanırlar. Lakin qəfil varlanan və ya miras əldə edən şəxslər yeni həyat tərzinə uyğunlaşmaqda çətinlik çəkə bilir.

Mütəxəssislər bildirir ki, böyük sərvət insanın əsas ehtiyaclarını aradan qaldırmır. Həyatda məqsəd, mənəvi dəyər və sosial rol hissi varlı insanlar üçün də eyni dərəcədə vacib olaraq qalır.

Qeyd olunur ki, bu amillər nəzərə alınmadıqda sərvət təkcə üstünlük deyil, eyni zamanda ciddi psixoloji yükə də çevrilə bilər.

Seçilən
20
1
olke.az

2Mənbələr