AZ

Bütün bunlar onu göstərir ki...

Möhtərəm Cənab Prezident İlham Əliyevin “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısında videobağlantı formatında çıxışı Azərbaycanın bu gün regionda formalaşdırdığı yeni siyasi reallıqların və sülh gündəliyinin beynəlxalq platformada açıq nümayişi oldu. Dövlət başçımızın çıxışında səsləndirdiyi fikirlər bir daha göstərdi ki, Azərbaycan regional gündəliyi müəyyən edən dövlətdir.

Ermənistanın 2028-ci ildə “Avropa Siyasi Birliyi”nin Zirvə görüşünün Azərbaycanda keçirilməsini dəstəkləməsi regionda formalaşan yeni siyasi mühitin diqqətçəkən məqamlarındandır. Bunlar son illərdə regionda yaranmış yeni geosiyasi vəziyyətin və sülhə doğru atılan addımların nəticəsidir.

Dövlət başçımız Cənab İlham Əliyevin də qeyd etdiyi kimi, Azərbaycan sülh təşəbbüslərinə hər zaman açıq olub və Ermənistanın namizədliyini vaxtilə dəstəkləməsi də bunu göstərir. Bu gün Ermənistanın da Azərbaycanın namizədliyinə dəstək verməsi artıq bölgədə əməkdaşlığa keçidin yarandığını ortaya qoyur.

Azərbaycanın sülhə sadiqliyini əməli addımlarla nümayiş etdirməsi xüsusilə diqqət çəkən məqamlardandır. Uzun illər Ermənistana tətbiq olunan tranzit məhdudiyyətlərinin birtərəfli qaydada aradan qaldırılması, Azərbaycan ərazisi vasitəsilə yükdaşımaların həyata keçirilməsi və ilk dəfə neft məhsullarının Ermənistana ixrac olunması regionda yeni mərhələnin başlanğıcıdır.

Bütün bunlar onu göstərir ki, Azərbaycan bölgədə əməkdaşlıq və sabitlik mühitinə töhfə verir. Dövlət başçımızın Avropa Parlamenti və AŞPA ilə bağlı səsləndirdiyi fikirlər tamamilə haqlı və prinsipial mövqedir. Otuz il ərzində Azərbaycanın ərazi bütövlüyünə qarşı açıq işğal siyasəti aparılanda susanların, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasını tələb etməyənlərin bu gün fərqli münasibət sərgiləməsi siyasi ikiüzlülükdən başqa bir şey deyil. Azərbaycan öz torpaqlarını azad edib, separatizmə son qoyub və beynəlxalq hüququ təmin edib.

Bəzi Avropa dairələrinin Azərbaycana qarşı sərgilədiyi münasibət paxıllıqdan və siyasi riyakarlıqdan başqa bir şey deyil. Avropa Parlamentinin son illərdə Azərbaycana qarşı qəbul etdiyi qərəzli qətnamələr də bunu açıq şəkildə göstərir. Təəssüf doğuran haldır ki, Avropa Parlamenti bu gün Avropanı narahat edən ksenofobiya, islamofobiya, miqrasiya böhranı, antisemitizm və sosial problemlər kimi ciddi məsələlərin həlli əvəzinə, Azərbaycan əleyhinə siyasi kampaniya aparmağa üstünlük verir. Milli Məclisin Avropa Parlamenti ilə əməkdaşlığın dayandırılması ilə bağlı qəbul etdiyi qərar da məhz bu qərəzli münasibətə verilən prinsipial cavabdır.

Möhtərəm Cənab Prezident İlham Əliyevin çıxışı bir daha nümayiş etdirdi ki, Azərbaycan regionda davamlı sabitliyin və əməkdaşlığın tərəfdarıdır. Cənubi Qafqazda yaranan yeni siyasi mühit məhz Azərbaycanın güclü iradəsi, qətiyyətli siyasəti və milli maraqlara söykənən strateji xətti nəticəsində formalaşıb.

Milli Məclisin deputatı Günay Ağamalı

Seçilən
16
ikisahil.az

1Mənbələr