AZ

“Qalib gəlmək üçün rəqibdən bir top artıq vurmaq lazımdır”

Almaniyanın “Bavariya” klubunun baş məşqçisi Vinsent Kompani Çempionlar Liqasının yarımfinalında Fransanın PSJ komandası ilə keçiriləcək cavab oyunu öncəsi fikirlərini bölüşüb.

90deqiqe.Az-ın “Bayern & Germany"a istinadən məlumatına görə, mütəxəssis ilk oyundakı kimi açıq və gərgin mübarizənin olub-olmayacağı ilə bağlı sualı cavablandırıb.

O bildirib ki, oyunun ssenarisi komandaların yanaşmasından asılı olacaq:

“Əgər tərəflərdən biri geri çəkilib daha çox müdafiə olunmağa üstünlük versə, oyunda daha sakit mərhələlər ola bilər. Amma hansısa komandanın onu bu mərhələyə gətirən oyun üslubunu dəyişəcəyini düşünmürəm. Biz doğma meydanda oynayırıq, qalib gəlmək istəyirik və bunun üçün əlimizdən gələni edəcəyik”.

Baş məşqçi vurğulayıb ki, əsas məqsəd qələbə qazanmaqdır:

“Məqsədimiz oyunları udmaqdır. Bunun üçün müəyyən yanaşmalarımız var və onların bizə kömək etdiyini düşünürük. Həm biz, həm də rəqib çoxlu qələbələr qazandığımızı göstərmişik. Sonda qalib gəlmək üçün rəqibdən bir top artıq vurmaq lazımdır. Əgər bunu qol buraxmadan edə bilsəniz, bu, ən yaxşı nəticədir”.

Qeyd edək ki, komandalar arasında ilk görüş Fransa təmsilçisinin 5:4 hesablı qələbəsi ilə yekunlaşıb. Cavab qarşılaşması mayın 6-da Münhendə keçiriləcək.

Seçilən
20
43
90deqiqe.az

10Mənbələr