AZ

Rektor: Elm və təhsil ölkələri bir-birinə yaxınlaşdıran ən yaxşı vasitələrdən biridir

Bakı, 6 may, AZƏRTAC

Müasir dövrdə dünya sürətlə dəyişir, texnologiyalar inkişaf edir, iqtisadi münasibətlər yenilənir, siyasi proseslər daha mürəkkəb xarakter alır. Belə bir dövrdə türk dövlətləri arasında qarşılıqlı əməkdaşlığın gücləndirilməsi xüsusi əhəmiyyət daşıyır. Çünki bizi birləşdirən yalnız ortaq keçmiş deyil, həm də ortaq gələcəkdir.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycan Turizm və Menecment Universitetinin rektoru İlham Mədətov BDU-da keçirilən “Türk dünyasında transformasiya və inteqrasiya: iqtisadiyyat, siyasət və texnologiya” mövzusunda beynəlxalq konfransda deyib.

Rektor bildirib ki, bu gün Türk dünyasının böyük potensialı var: “Gənc insan resursları, zəngin mədəni və strateji coğrafiya və artan iqtisadi imkanlar bizi daha sıx əməkdaşlığa çağırır. Universitetlərin və akademik dairələrin bu prosesdə rolu xüsusilə vacibdir. Elm və təhsil ölkələri bir-birinə yaxınlaşdıran ən güclü, ən yaxşı vasitələrdən biridir.

Azərbaycan Turizm və Menecment Universiteti beynəlxalq əməkdaşlığa, akademik inteqrasiyaya və Türk dünyası universitetləri arasında əlaqələrin genişləndirilməsinə xüsusi önəm verir. Hesab edirik ki, ortaq layihələr, tələbə və müəllim mübadiləsi, birgə tədqiqatlar və elmi platformalar gələcək inkişafımız üçün mühüm əsas yaradır. Eyni zamanda, turizm sahəsi Türk dünyasının inteqrasiyasında mühüm rol oynayır. Turizm xalqları bir-birinə yaxınlaşdıran, mədəniyyətləri tanıdan, qarşılıqlı anlayışı və dostluğu gücləndirən, ortaq tariximizi, mədəniyyətimizi və dəyərlərimizi dünyaya birlikdə təqdim etmək üçün mühüm imkan yaradan sahələrdən biridir”.

İlham Mədətov qeyd edib ki, bu gün Türk dövlətləri arasında turizm əlaqələrinin genişləndirilməsi, ortaq turizm marşrutlarının yaradılması, dayanıqlı turizm yanaşmalarının inkişaf etdirilməsi və bu sahədə innovativ texnologiyaların tətbiqi xüsusi əhəmiyyət kəsb edir: “Bakı bu gün müxtəlif mədəniyyətləri, ideyaları, əməkdaşlıq təşəbbüslərini bir araya gətirən beynəlxalq şəhərlərdən biridir. Azərbaycan Türk dünyasında qarşılıqlı əməkdaşlığın və birliyin inkişafına daim töhfə verən ölkə kimi çıxış edir”.

Müxbir – Aysel Azadqızı
Videooperator – Şövqi Əzizov
Seçilən
18
azertag.az

1Mənbələr