Buxarest, 6 may, AZƏRTAC
Rumıniyanın “Calea Europeana” nəşri Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallasın Bakıya səfərini təhlil edərək Azərbaycanın Avropa üçün strateji enerji tərəfdaşı kimi əhəmiyyətinin daha da artdığını yazıb. Nəşr qeyd edir ki, Avropa İttifaqı hazırkı geosiyasi şəraitdə enerji mənbələrinin şaxələndirilməsinə xüsusi önəm verir və bu kontekstdə Azərbaycan etibarlı təchizatçı kimi ön plana çıxır.
AZƏRTAC xəbər verir ki, məqalədə Kaya Kallasın “Azərbaycan Avropa İttifaqı üçün dəyərli və etibarlı enerji tərəfdaşıdır” fikrinə xüsusi diqqət ayrılır.
Rumıniya mediasının təhlilinə görə, Bakı ilə Brüssel arasında münasibətlər artıq yalnız enerji əməkdaşlığı ilə məhdudlaşmır. Orta Dəhliz, nəqliyyat bağlantıları, rəqəmsal transformasiya və regional təhlükəsizlik məsələləri də tərəflər arasında strateji dialoqun əsas istiqamətlərindən birinə çevrilib.
Ekspertlərin fikrincə, Avropanın Cənubi Qafqaza marağının artması Azərbaycanın regionda oynadığı sabitləşdirici rol ilə də bağlıdır. Xüsusilə Azərbaycan-Ermənistan münasibətlərində müşahidə olunan diplomatik dinamika Brüsseldə diqqətlə izlənilir.
Məqalədə vurğulanır ki, Rumıniya da daxil olmaqla Şərqi Avropa ölkələri Xəzər regionundan enerji və yük axınlarının genişlənməsində maraqlıdır. Bu baxımdan, Azərbaycan həm enerji təhlükəsizliyi, həm də Avropa ilə Asiya arasında logistika bağlantılarının inkişafında əsas tərəfdaşlardan biri hesab olunur.
Rumıniya nəşri hesab edir ki, Kaya Kallasın Bakı səfəri Avropa İttifaqının Azərbaycanla münasibətlərə praqmatik və uzunmüddətli yanaşmasının göstəricisidir.