Fransalı hücumçu Kilian Mbappenin komandadan getməsi üçün kampaniya başladan "Real Madrid" tərəfdarları vəziyyəti nəzərəçarpan dərəcədə gərginləşdiriblər.
Fanat.Az ESPN-ə istinadən xəbər verir ki, fransalı forvarda qarşı çıxan fanatlar artıq 1 milyon 278 mindən çox imza toplayıblar.
Onun "kral klubu"nu tərk etməsi üçün hazırlanan petisiya ("Mbappe Out") sosial şəbəkələrdə məşhurlaşıb. Azarkeşlər sözügedən futbolçunun qısamüddətli zədə dövründə İtaliyaya yollanmasını da "Real" embleminə qarşı hörmətsizlik qismində dəyərləndirirlər.
Dərc edilən məlumatlara görə, hücumçunun intizamla bağlı ciddi problemləri var. O, bir neçə dəfə komandanın tədbirlərinə gecikib və məşqlər zamanı klub əməkdaşlarına qarşı qeyri-etik davranışla diqqət çəkib.
Qeyd edək ki, Mbappe 2024-cü ildən "Real"da çıxış edir. Cari mövsüm madridlilərin heyətində bütün turnirlərdə 41 matça çıxan ön xətt oyunçusu 41 qolla yadda qalıb.
Toğrul