Bakı, 6 may, AZƏRTAC
Müxtəlif ölkələri təmsil edən kommersiya qurumlarının, şirkətlərin əməkdaşlıq etməsi və biznesi genişləndirməsi ölkələrin də iqtisadi əlaqələrinin inkişafına təkan verir. Bir çox Rusiya şirkətinin Azərbaycan ilə sıx əlaqələri var və onlar idxal-ixrac əməliyyatlarını həyata keçirirlər.
Bu sözləri AZƏRTAC-a açıqlaması zamanı 19-cu “Caspian Agro Week” və 31-ci “InterFood Azerbaijan” sərgilərində iştirak edən Rusiyanın “Fabrika Qruntov” müəssisəsinin meneceri Lyudmila Vasilyeva deyib.
Onun sözlərinə görə, müəssisə Yekaterinburq şəhərində yerləşir və əkin sahələri üçün torf hasil edərək paketləyir, pərakəndə və topdan satışa çıxarır.
“Bu məhsul torpağı qidalandırır, əkilən bitkilərin böyüməsinə və inkişafına yaxşı təsir göstərir. Məhsulumuzu Azərbaycanda satışa çıxarmağı düşünürük və artıq “Plast-Prof” şirkəti ilə danışıqlara başlamışıq. Bu sərgi yerli bazarın tələbatını öyrənməyə imkan verir. Biz Abşeron yarımadasında salınan istixanalara baxdıq və burada yetişdirilən məhsullarla tanış olduq. İstixanalarda dekorativ güllər, meyvə və tərəvəzlər əkilir ki, burada da bol məhsul almaq üçün bizim məhsula ehtiyac var”, - deyə Lyudmila Vasilyeva vurğulayıb.
Sərginin yüksək səviyyədə təşkil olunduğunu deyən L.Vasilyeva belə tədbirlərin keçirilməsinin zəruri olduğunu qeyd edib və Azərbaycana bu sərgi üçün təşəkkürünü bildirib: “Azərbaycanda da torf hasilatı üçün imkanlar var bu imkanlardan istifadə etmək üçün tərəfdaşlar tapıb, birgə müəssisə də qurmaq olar”.