AZ

Səfir: Litvalı məşqçilərin Azərbaycanda mühüm idman nailiyyətlərinə töhfə verməsindən qürur duyuram - MÜSAHİBƏ

Bakı, 6 may, AZƏRTAC

Litvanın Azərbaycandakı səfiri Kestutis Vaşkeleviçus AZƏRTAC-a müsahibə verib. O, “Sabah”ın futbol və basketbol komandalarına müvafiq liqalarda Azərbaycan çempionluğunu qazandıran həmyerliləri haqqında danışıb.

- “Sabah”ın futbol və basketbol klubları bu mövsüm Azərbaycan çempionu oldular. Maraqlı məqam ondan ibarətdir ki, hər iki komandanın baş məşqçisi – həm Valdas Dambrauskas, həm də Rimas Kurtinaytis litvalı mütəxəssislərdir. Onların uğuru barədə nə deyə bilərsiniz?

- Litvalı məşqçilərin Azərbaycanda mühüm idman nailiyyətlərinə və daha geniş mənada burada komanda idman növlərinin inkişafına töhfə verməsindən həqiqətən qürur duyuram. Biz bunun nəticələrini aydın şəkildə görürük: idmana artan ictimai maraq, böyüyən azarkeş kütləsi, həm basketbolun, həm də futbolun populyarlığının artması. Eyni zamanda, Azərbaycan həm Litvada, həm də bütün Avropada daha çox diqqət mərkəzinə çevrilir. Təkcə bu mövsüm "Sabah"ın basketbol və futbol komandalarında ümumilikdə 7 litvalı məşqçi çalışır. Onların sırasına basketbol üzrə Olimpiya çempionu və bürünc mükafatçı Rimas Kurtinaytis, həmçinin bir neçə Avropa ölkəsində çempionluq qazanmış Valdas Dambrauskas da daxildir.

Daha geniş müstəvidə desək, biz Azərbaycanda bir çox idman növü üzrə komanda idmanının dirçəlişinin şahidi oluruq. Burada mən, həmçinin "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun həqiqətən müstəsna fəaliyyətini, eləcə də basketbol, futbol, gimnastika və digər milli federasiyaların ardıcıl səylərini xüsusi vurğulamaq istərdim. Bütün bu gərgin, sistemli iş və beynəlxalq əməkdaşlıq nəticə etibarilə öz bəhrəsini verir.

- Mövsüm ərzində hər iki komandanın oyunlarını izləmək üçün arenalara getmisiniz?

- Bəli, mövsümboyu bir çox matçda iştirak etdim, çox vaxt ailəmlə və Litva icması ilə birlikdə oyunlara getdik. Bir neçə dəfə digər Avropa ölkələrindən və ABŞ-dən olan səfirlər və diplomatlarla birlikdə oyunları izləmək üçün qruplar təşkil etdik. Bu, yalnız idmanla bağlı deyil, həm də əlaqələr qurmaq və Azərbaycan idmanına azarkeşlik etmək məqsədi daşıyırdı.

- Sizin fikrinizcə, bu mövsüm hər iki komandanın ən yaxşı oyunçuları kimlər idi? Xüsusi qeyd edə biləcəyiniz adlar varmı?

- Sadəcə, bir idman azarkeşi olduğum üçün ən yaxşı oyunçuların adlarını çəkərək risk etmək istəməzdim. Bu cür qiymətləndirmələri ekspertlərin öhdəsinə buraxmağa üstünlük verirəm. Bununla belə, dünən "Sabah" və "Abşeron Lions" komandaları arasındakı son final oyunu zamanı azərbaycanlı basketbolçu Kamran Məmmədovun nümayiş etdirdiyi mübarizə ruhunu xüsusi vurğulamaq istərdim. Məhz belə anlar – qətiyyət və ustalıqla dolu məqamlar idmanı azarkeşlər üçün bu qədər cəlbedici edən amillərdir. Ümumilikdə mövsümboyu bir çox oyunçu yaddaqalan performans nümayiş etdirdi.

- Digər idman növlərinə marağınız nə dərəcədədir?

- Mən həm idmanla məşğul olmağı, həm də oyunları izləməyi sevirəm. Bir litvalı üçün basketbol təbii bir maraq olsa da, mən digər bir çox idman növünü də izləyir və dəstəkləyirəm. Azərbaycanda olduğum müddətdə basketbol və futbol matçlarında, həmçinin Azərbaycanda yarışan Litva gimnastika və avarçəkmə komandalarının çıxışlarında iştirak etmişəm.

Onu da qeyd etmək yerinə düşərdi ki, Litva və Azərbaycanın milli futbol komandaları UEFA Millətlər Liqasında eyni qrupda yer alırlar. Biz sentyabr və oktyabr aylarında qarşılaşacağıq. Mən Bakıdakı stadionda çoxlu futbol azarkeşi görməyi səbirsizliklə gözləyirəm.

Müxbir – Cavid Əliyev

Seçilən
18
2
azertag.az

3Mənbələr