AZ

Təhsil İnstitutuna akkreditasiya haqqında şəhadətnamə təqdim edilib

ain.az bildirir, Azertag portalına istinadən.

Bakı, 6 may, AZƏRTAC

Mayın 6-da Azərbaycan Respublikası Təhsil İnstitutunun akkreditasiyası nəticələrinin rəsmi elan edilməsi və instituta akkreditasiya haqqında şəhadətnamənin təqdim olunması ilə əlaqədar tədbir keçirilib.

Bu barədə AZƏRTAC-a Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasından məlumat verilib.

Tədbirdə çıxış edən elm və təhsil naziri Emin Əmrullayev akkreditasiyanın əhəmiyyətini vurğulayaraq, elmi fəaliyyətin keyfiyyətinin artırılması, plagiatla mübarizə və innovativ yanaşmaların tətbiqinin vacibliyini qeyd edib. Nazir bildirib ki, elmi potensialdan və müasir texnologiyalardan səmərəli istifadə təhsil sahəsində davamlı inkişafın əsas şərtlərindəndir.

Daha sonra Ali Attestasiya Komissiyasının sədri professor Famil Mustafayev akkreditasiya prosesinin hüquqi və təşkilati əsasları barədə məlumat verib, bu prosesin elmi müəssisələrdə idarəetmənin və tədqiqatların səmərəliliyinin artırılmasında mühüm rol oynadığını diqqətə çatdırıb.

Qeyd olunub ki, Təhsil İnstitutu tərəfindən təqdim edilən Özünüqiymətləndirmə Hesabatının təhlili əsasında Ali Attestasiya Komissiyasının Rəyasət Heyəti institutun akkreditasiyadan keçmiş hesab edilməsi və ona müvafiq şəhadətnamənin verilməsi barədə qərar qəbul edib.

Sonda akkreditasiya haqqında şəhadətnamə professor Famil Mustafayev tərəfindən Emin Əmrullayevə təqdim edilib.

Tədbirdə, həmçinin Təhsil İnstitutunun direktor səlahiyyətlərini müvəqqəti icra edən Elnur Əliyev, Akkreditasiya üzrə Ekspert şurasının üzvləri, eləcə də aidiyyəti qurumların nümayəndələri iştirak ediblər.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
14
7
azertag.az

8Mənbələr