AZ

Bakı-Brüssel: Qarşılıqlı etimad, birgə əməkdaşlıq, yeni hədəflər

Avropanın bəzi təşkilatlarının zaman-zaman Azərbaycanla bağlı sərgilədikləri qərəzli, ədalətsiz mövqeyə baxmayaraq hazırda qitələr arasında körpü rolunu oynayan Azərbaycan ilə Avropa İttifaqı (Aİ) arasında enerji təhlükəsizliyi, nəqliyyat bağlantıları, rəqəmsal tarnsformasiya və regional təhlükəsizlik və digər sahələr üzrə əlaqələr getdikcə inkişaf edir. Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsinə, mənbələrin şaxələndirilməsinə böyük töhfələr verir. Cənub Qaz Dəhlizi Avropanın enerji təhlükəsizliyinin təminatını, resurslarının şaxələndirilməsini şərtləndirən əsas amillərdən birinə çevrilib. Azərbaycanın aparıcı rol oynadığı Orta Dəhliz (Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu) Avropanın enerji təhlükəsizliyinin şaxələndirilməsində və Şərq-Qərb əlaqələrinin gücləndirilməsində strateji rol oynayır. Qlobal ticarət zəncirlərində baş verən dəyişikliklər və enerji təhlükəsizliyi məsələlərinin aktuallaşması fonunda Orta Dəhliz Azərbaycanın Avropa üçün strateji əhəmiyyətini daha da gücləndirir. Ölkəmiz Avropa üçün nəqliyyat və bağlantılar baxımından da mühüm starteji əhəmiyyətə malikdir.  Bu mənada Mərkəzi Asiyanı Avropa ilə birləşdirəcək “Black Sea Energy Cable” layihəsi (Azərbaycan- Gürcüsatn- Ruminiya- Macarıstan) Azərbaycanın Avropa üçün strateji enerji əhəmiyyətini daha da artıracaq.

Hazırda Azərbaycan qazı16 ölkəyə ixrac edilir və onlardan 10-u Avropa İttifaqının üzvüdür. Həmçinin Birliyin 27 üzvündən 10-u ilə strateji tərəfdaşlıq sənədləri imzalanıb. Avropa İttifaqının rəsmiləri dəfələrlə bəyan etmişdilər ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyi və təchizatı üçün olduqca əhəmiyyətli bir tərəfdaşdır. 2026-cı ilin ilk aylarında Avropa İttifaqı və onun üzv dövlətlərinin rəhbər şəxslərinin-Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın, Litvanın Baş naziri İnqa Ruqinienenin, Latviya Prezidenti Edqars Rinkeviçsin, Çexiyanın Baş naziri Andrey Babişin və İtaliyanın Baş naziri Ciorcia Meloninin Azərbaycana ardıcıl səfərləri zamanı ölkəmizlə bağlı səsləndirdikləri fikirlər bunun əyani təsdiqidir. Azərbaycanla Avropa ölkələri və qurumları arasında enerji, təhlükəsizlik və nəqliyyat məsələləri üzrə məsləhətləşmə mexanizmlərinin fəaliyyət göstərməsi Aİ-nin ölkəmizin regiondakı aparıcı mövqeyinə verdiyi əhəmiyyətin bariz nümunəsidir.

Bu baxımdan Antonio Koştanın bu ilin mart ayında ölkəmizə səfəri çərçivəsində dövlətimizin başçısı və Avropa İttifaqı Şurasının Prezidenti tərəfindən birgə bəyanatın qəbul edilməsini, həmin sənəddə Azərbaycanla Avropa İttifaqı arasında əlaqələrin strateji xarakterinin vurğulanmasını, bu günün çağrışlarını sabahın fürsətlərinə çevirmək üçün birgə fəaliyyətin əhəmiyyətinin qeyd edilməsi xüsusilə diqqəti çəkir.

Avropa İttifaqı Azərbaycan üçün əsas enerji və ticarət tərəfdaşıdır. Ölkəmiizn başçısının son zamanlar Aİ rəhbərliyi ilə intensiv təmasları, yüksək səviyyəli görüşlər və ardıcıl dialoq münasibətlərin yeni mərhələyə yüksəldiyini göstərir. Prezident İlham Əliyev mayın 5-də Avropa İttifaqının Xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallasın başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən Azərbaycanın Avropa İttifaqı üçün vacib tərəfdaş olduğu bir daha vurğulanıb. K.Kallas bildirib: “Azərbaycan Avropa İttifaqı üçün dəyərli və etibarlı enerji tərəfdaşıdır, ona görə də bu gün Bakıda olmaqdan məmnunam”.

Dövlətimizin başçısı ölkəmizlə Avropa İttifaqı arasında enerji, bağlantılar, təhlükəsizlik, ticarət və digər sahələrdə əməkdaşlığın perspektivlərinə toxunub. Prezident İlham Əliyev Avropa İttifaqının Azərbaycanın əsas ticarət tərəfdaşlarından biri, eyni zamanda, ölkəmizin isə enerji təhlükəsizliyinin təmin olunması baxımından həmişə Avropa İttifaqının etibarlı tərəfdaşı olduğunu vurğulayıb. Ölkəmizin başçısı qeyd edib ki, bu yaxınlarda Azərbaycan qazı Avropa İttifaqının daha iki üzv ölkəsinə -Almaniyaya və Avstriyaya çatıb.

 Göründüyü kimi, siyasi dialoq və əməkdaşlıq üzərində formalaşan Azərbaycan- Avropa münasibətləri gələcəkdə qarşlıqlı etimad, praqmatizm və tərəfdaşlıq prinsipləri əsasında daha da möhkəmlənəcək.

Zahid Rza, “İki sahil”

Seçilən
18
ikisahil.az

1Mənbələr