AZ

2026 cı ildə tamaçaşıların ixtiyarına veriləcək 10 film SİYAHI

ain.az bildirir, Bakupost portalına istinadən.

Azərbaycan Respublikasının Kino Agentliyinin (ARKA) hazırkı siyasətinin əsas məqsədlərindən biri də hər il azı 10 tammetrajlı bədii filmin istehsal olunmasıdır.

Bakupost.az 2026-cı ildə tamaçaşıların ixtiyarına veriləcək 10 belə filmin siyahısını təqdim edir:

“Akinak”

İstehsalçı şirkət: "Narimanfilm" MMC

Rejissor: Elxan Cəfərov

Ssenari: İlqar Safat, Azər Ziyadlı, İrəvani, Lətif Lətifsoy

İndiki Azərbaycan torpaqlarında mövcud olmuş qədim İşquz (İç Oğuz) dövləti düşmən hücumuna məruz qalır. Sayca üstün düşmənə qalib gəlmək üçün vaxtilə Göylərdən işquzlara göndərilmiş 4 müqəddəs əmanətdən biri olan qılınca – Akinaka sahiblənmək lazımdır. 4 cəsur gənc bu vacib missiya ilə təhlükəli və sınaqlarla dolu səfərə çıxırlar. Onlara mane olmaq üçün düşmən hər üsuldan, o cümlədən tilsimdən istifadə etməyə hazırdır.

“Tağıyev: Məktəb”

İstehsalçı şirkət: "Bakı Media Mərkəzi" MMC

Rejissor: Zaur Qasımlı

Ssenari: İsmayıl İman, Zaur Qasımli, Asif İsgəndərli

Fəqir bir balıqçıdan xalqın atası səviyyəsinə yüksələn Hacı Zeynalabdin Tağıyev 19-cu əsr Bakısında sərvət və vicdan, güc və inam arasında seçim qarşısında qalır. Millətin taleyini dəyişdirəcək qərar isə təkcə onun deyil, Azərbaycanın gələcəyinin də sınağına çevrilir.

“Buzlar əriyəndə”

Rejissor: Xəyyam Abdullazadə

Ssenari: Ülviyyə Heydərova

Otuz ildir doğma el-obasından didərgin düşmüş yaşlı Sara bacısı Həcərlə birlikdə Bakını tərk edərək, azad olunmuş doğma kəndlərinə yollanır. Saranın məqsədi müharibə zamanı həlak olmuş yeniyetmə oğlu İsmayılın qəbrini ziyarət etməkdir. Həcər isə keçmişin ağrıları ilə üzləşmək istəmir. Səyahət boyu bacılar illərlə gizlətdikləri xatirələr, itkilər və xəyanətlərlə qarşı-qarşıya qalırlar. Həm əsirlik travması, həm də övlad itkisinin sarsıntısı onların münasibətini sınayan imtahana çevrilir.

“Quşlar susanda”

İstehsalçı şirkət: "Buta Film" MMC

Rejissor: İlqar Nəcəf

Ssenari: Roleof Jan Minneboo, İlqar Nəcəf

Gənc ailə başçısı günlərin birində verdiyi tibbi analizin nəticəsində öyrənir ki, əslində onun ata olması mümkün deyil. Bu məlumat onu sarsıdır: Doğrudanmı, həyat yoldaşı ona xəyanət edib? Doğrudanmı, çox sevdiyi qızı əslində onun doğma övladı deyil? Elə isə, onun bioloji atası kimdir? Və doğrudanmı, xoşbəxt yaşamaq, ümumiyyətlə, yaşamaq üçün insanın bəzi şeyləri bilməməsi lazımdır?

“Ölü Həsən”

İstehsalçı şirkət: "Ultra Prodakşın" MMC

Rejissor: Türkan Hüseyn

Ssenari: Türkan Hüseyn, İsmayıl İman

Müasir Azərbaycanda səhv nəticəsində “ölü” elan edilmiş Həsən gözlənilmədən yerli müqəddəsə çevrilir və həyatını dəyişən hadisələrin fonunda yüksək riskli bir qətl işini araşdırmaq məcburiyyətində qalır. Amma o bu cür həyata hazır deyil.

“Mənə bənzər adam görməmisiniz ki?”

İstehsalçı şirkət: "Rakurs Film-Media" MMC

Rejissor: İsmayıl Səfərəli

Ssenari: İsmayıl Səfərəli

Uzun illərdir Parisdə yaşayan Azər hələ də vaxtilə operator kimi lentə aldığı I Qarabağ müharibəsinin psixoloji zədələrini sağaltmağa çalışır. Lakin 44 günlük müharibədən sonra ölkəsində ona ehtiyac yaranır: Azər birinci müharibə zamanı itkin düşmüş həmvətənlərinin məzarlarını tapmağa yardım edə bilər. O, yenidən vaxtilə şahidi olduğu ağrılı hadisələrin baş verdiyi yerlərə qayıdır. Lakin burada onu həm də heç vaxt üzləşmək istəmədiyi sirlər və acı həqiqətlər də gözləyir.

“44”

İstehsalçı şirkət: "Bakı Media Mərkəzi" MMC

Rejissor: İsmayıl Səfərəli

Ssenari: İsmayıl İman

Xüsusi Təyinatlı Qüvvələrin zabiti Rəşad Qasımov 2020-ci ildə 44 günlük Vətən müharibəsi zamanı ağır döyüşlərdən keçir. Onun sevgilisi, ortoped-travmatoloq Zeynəb isə cəbhənin yaxınlığındakı Gəncə şəhərində həkim işləyir. Düşmənin dinc əhaliyə qarşı hərbi cinayəti Zeynəbi də müharibənin dəhşətli sifətilə üzləşdirir. Cəbhədəki hadisələr isə həm müharibənin, həm də Rəşad ilə Zeynəbin taleyini dəyişəcək Şuşa döyüşünə doğru inkişaf edir...

“Nəsrəddin hoca”

İstehsalçı şirkət: "Nasreddin Production" MMC

Rejissor: Vaqif Mustafayev

Ssenari: Vaqif Mustafayev

Sevgi münasibətinə görə həbs olunan gənc bir oğlan həbsdə Molla Nəsrəddinlə qarşılaşır. Molla Nəsrəddin ona həyat, mənəviyyat və müdriklik dərsləri öyrədir, hekayələri ilə ilhamlandırır və nəticədə gənc bu müdrik şəxsin heykəlini yaratmağa qərar verir.

“Sözün varsa, de”

İstehsalıçı şirkət: "Seyidbəyli Film" MMC

Rejissor: Samir Kərimoğlu

Ssenari: Samir Kərimoğlu

Bakı kəndlərinin birində anası ilə yaşayan Cabir sevdiyi qızı evlərinə yola salarkən onun qardaşı Hafiz tərəfindən döyülüb və bunun intiqamını almaq arzusu ilə yaşayır. Nə iki diplomu, nə universitetdə müəllim kimi dərs deməsi, nə də oynamağa hazırlaşdığı “İblis” rolu bu işdə ona kömək edə bilər. Cabir Hafiz ilə onun öz meydanında üzləşmək və qələbə qazanmaq istəyir. Bu isə meyxana meydanıdır. Söz dueli onların hər ikisinin həyatını gözlənilməz şəkildə dəyişəcək. Həm də təkcə onların yox.

“Mən, Lalə, bir də O”

İstehsalçı şirkət: İctimai Televiziya və Radio yayımları Şirkəti

Rejissor: Rüfət Şahbazov

Prodüser: Yalçın Verdiyev

Bəzən uşaqlar böyüklərin demək istədiklərini, amma bacarmadıqlarını edə bilirlər. Bura bir az təxəyyül gücü və bir neçə dost da əlavə etsək, hətta kainatın çağırışlarına cavab verə biləcək bir əhvalat əldə etmiş olarıq.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
39
3
www.bakupost.az

4Mənbələr