AZ

İran üçün seçim məhduddur: ya razılaşma, ya daxili təzyiq dalğası

Bizimyol portalından verilən məlumata əsasən, ain.az bildirir.

İran prezidenti Məsud Pezeşkianın oğlu Yusif Pezeşkian bildirib ki, İranla bağlı son müharibə qlobal güc balansında fərqli nəticələr yaradıb və bu prosesdən Çin, Rusiya və İsrail müəyyən mənada faydalanıb. Onun sözlərinə görə, İran iqtisadi baxımdan itkilər versə də, beynəlxalq nüfuz və siyasi mövqe baxımından müəyyən üstünlüklər əldə edib. Eyni zamanda, ərəb ölkələrinin zərər gördüyü, ABŞ-nin isə beynəlxalq imicinin zədələndiyi qeyd olunur. Pezeşkian daha çətin ssenarilərə hazırlaşmağın vacibliyini vurğulayaraq, gözlənilməz hadisələrin artıq sürpriz olmayacağını bildirib.Bu qiymətləndirmə regiondakı real güc balansını əks etdirir, yoxsa daha çox siyasi mesaj xarakteri daşıyır?

Politoloq Məhəmməd Əsədullazadə Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, bu proses daha çox siyasi mesaj xarakteri daşıyır. İran artıq həm iqtisadi, həm siyasi, həm də hərbi baxımdan ciddi itkilərlə üz-üzə qalıb. Düzdür, Yaxın Şərqdə ümumi siyasi nizam dəyişir, ərəb ölkələri isə əvvəlki kimi ABŞ-a tam etibar etmir.

“Eyni zamanda biz gördük ki, İsrailin Birləşmiş Ərəb Əmirlikləri ilə daha koordinasiyalı və strateji əməkdaşlıq qurması, Körfəz və bəzi ərəb ölkələrinin isə İrana qarşı müəyyən mövqelərdə bir araya gəlməsi regiondakı balansı dəyişib.

Bu kontekstdə İranın ABŞ-a qarşı real mənada hərbi üstünlük qazanması mümkün görünmür. Əksinə, hazırkı mərhələdə İranın əsas məqsədi mövcud hərbi potensialını qorumaq və yeni ssenarilərə uyğunlaşmaqdır. Məncə, burada daha çox psixoloji və siyasi mövqe nümayişi var”-deyən politoloq bildirib ki, başqa tərəfdən İran iqtisadiyyatı ciddi şəkildə sanksiyaların təsiri altındadır və bu vəziyyət uzunmüddətli perspektivdə yeni sosial narazılıqlara, hətta etiraz dalğalarının yenidən formalaşmasına gətirib çıxara bilər.

Politoloqun fikrincə, hazırda ABŞ və İran arasında aparılan danışıqlar da bu baxımdan kritik əhəmiyyət daşıyır. Mən istisna etmirəm ki, müəyyən mərhələdə İran ABŞ-ın təklifləri ilə razılaşa bilər və nüvə zənginləşdirməsini daha aşağı səviyyə ilə məhdudlaşdıra bilər.

“Eyni zamanda regionda ABŞ-ın Hörmüz boğazı ətrafında həyata keçirdiyi əməliyyatlar və təhlükəsizlik tədbirləri də onun hərbi və siyasi üstünlüyünü nümayiş etdirir. Bu prosesdə bəzi üçüncü ölkələrə məxsus gəmilərin yoxlanılması və nəzarətə götürülməsi də gündəmdədir.

Ümumilikdə, Yaxın Şərqdə siyasi nizam artıq dəyişib. İsrailin təhlükəsizlik məsələsi tam sabit deyil, İran isə müəyyən zərbələr alsa da, tam sıradan çıxmayıb. Lakin onun əvvəlki regional güc statusundan danışmaq çətindir.

Bununla belə, rejim mövcud qalarsa, İran yenə də bəzi qonşu ölkələrə qarşı təsir göstərməyə çalışacaq. Amma hazırkı mərhələdə ABŞ-ın daha dominant mövqedə olduğu, eyni zamanda Rusiya, Çin və İran xəttində əvvəlki balansın ciddi şəkildə zəiflədiyi açıq şəkildə görünür”-deyə Məhəmməd Əsədullazadə bildirib.

İradə Cəlil, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
20
bizimyol.info

1Mənbələr