AZ

Sülh təşəbbüsü, yoxsa taktiki gediş? Zelenskinin “Güzgü Atəşkəsi” masada

ain.az, Xalqcebhesi portalına istinadən məlumat verir.

Ukrayna və Rusiya arasındakı qanlı müharibənin beşinci ilinə qədəm qoyduğu bir vaxtda, beynəlxalq ictimaiyyətin diqqəti yenidən atəşkəs ehtimallarına yönəlib. Ukrayna Prezidenti Volodimir Zelenski tərəfindən 6 may tarixindən etibarən irəli sürülən “Güzgü effektli” atəşkəs təşəbbüsü, hərbi əməliyyatların dayandırılması istiqamətində atılan növbəti humanitar addım kimi görünsə də, bu qərarın arxasında ciddi diplomatik manevrlərin və təzyiqlərin olduğu sezilir. Xüsusilə Moskvada keçiriləcək 9 May paradı ərəfəsində yaranan bu yeni vəziyyət, münaqişə tərəfləri arasında "sülh dili"nin tapılmasından daha çox, qarşılıqlı ittihamların qarşısını almaq məqsədi daşıyır.

Azərbaycanlı ekspertlər və siyasi dairələr bu təşəbbüsü necə qiymətləndirir?

Milli Məclisin deputatı Hikmət Babaoğlu və politoloq Şakir Ağayev mövcud vəziyyəti təhlil edərək, atəşkəsin niyə "inam limitli" olduğunu və beynəlxalq güclərin bu prosesdəki rolunu açıqlayırlar. Zelenskinin əvvəlcə sərt qarşıladığı, lakin sonradan qəbul etdiyi bu atəşkəs müharibənin gedişatında real dönüş nöqtəsi ola bilərmi, yoxsa bu, sadəcə qısamüddətli "səngər sükutu"dur?

“Güzgü atəşkəsi real nəticə verə bilərmi?”

Milli Məclisin deputatı Hikmət Babaoğlu “Xalq Cəbhəsi”nə açıqlaması zamanı söyləyib ki, Ukrayna Prezidenti Volodimir Zelenski tərəfindən irəli sürülən birtərəfli və “güzgü effektli” atəşkəs təşəbbüsü ümumilikdə müsbət qiymətləndirilsə də, onun reallaşma ehtimalı aşağıdır.

Deputatın sözlərinə görə, bu cür addım sülhpərvər mövqenin göstəricisi kimi dəyərləndirilə bilər: “May ayının 6-dan sonra Ukrayna prezidentinin birtərəfli qaydada atəşkəs elan edəcəyi ilə bağlı səsləndirdiyi fikirlər təqdirəlayiqdir. Bu, sülhpərvər yanaşmadır. Ancaq belə bir atəşkəs yalnız qarşı tərəfin – Rusiya cəbhəsinin də eyni addımı atacağı halda mümkün ola bilər. Hələlik isə Rusiya tərəfindən bu istiqamətdə konkret mövqe müşahidə olunmur. Əvvəlki təcrübə bu tip təşəbbüslərin dayanıqlı olmadığını göstərir.

Pasxa bayramı ərəfəsində də atəşkəsə dair müəyyən razılaşma görüntüsü yaranmışdı. Lakin çox qısa müddət sonra – hətta dəqiqələr içində bu razılaşmanın pozulduğunu gördük. Bu da göstərir ki, belə təşəbbüslərin real nəticə vermə ehtimalı kifayət qədər aşağıdır”.

Deputatın fikrincə, Zelenskinin açıqlamasında əsas diqqət çəkən məqam başqa bir mesajla bağlıdır: “Zelenski bildirir ki, əgər Rusiya paradı atəşkəs olmadan keçirə bilmirsə, o zaman atəşkəs elan edilə bilər və bu addım Rusiyanı daha geniş, qalıcı sülhə təşviq etməlidir. Əslində məsələnin mahiyyəti məhz burada gizlənir. Mövcud şəraitdə Rusiyanın bu yanaşmaya razılıq verməsi real görünmür.

Artıq uzun müddətdir aparılan danışıqların əsas məqsədi qalıcı atəşkəsə nail olmaqdır. Ukrayna tərəfi bunu dəfələrlə bəyan etsə də, Rusiya hələ ki, buna razılıq verməyib. Bu səbəbdən vəziyyət mürəkkəb olaraq qalır və yaxın perspektivdə atəşkəsin real nəticə verəcəyi ehtimalı azdır”.

“Atəşkəs hələ dönüş nöqtəsi deyil”

Politoloq Şakir Ağayev diqqətə çatdırıb ki, Rusiya və Ukrayna arasında elan olunan atəşkəs təşəbbüsü müharibənin gedişində müəyyən siqnallar versə də, bunu real dönüş nöqtəsi kimi qiymətləndirmək hələ tezdir”.

O qeyd edib ki, Rusiya Prezidenti Vladimir Putin ABŞ-nin prezidenti Donald Tramp ilə danışıqları zamanı 8-9 May – faşizm üzərində qələbənin qeyd olunduğu günlərdə Moskvada, Qızıl meydanda keçiriləcək tədbirlər fonunda atəşkəs təklifi ilə çıxış etmişdi: “Ukrayna Prezidenti Volodimir Zelenski əvvəlcə bu təşəbbüsə müsbət yanaşmasa da, sonradan müəyyən beynəlxalq təzyiqlər və danışıqlar nəticəsində mövqeyində dəyişiklik edib. Zelenski əvvəlcə bu təklifi qəbul etmirdi, hətta parad zamanı Ukrayna PUA-larının Qızıl meydan üzərində uça biləcəyini də istisna etmirdi. Lakin daha sonra Avropa liderlərinin iştirakı və ABŞ-la aparılan danışıqlar fonunda 6 may gecəsindən etibarən atəşkəs elan olundu”.

Şakir Ağayevin fikrincə, bu addım daha çox siyasi və diplomatik manevr kimi qiymətləndirilməlidir: “Əgər Ukrayna atəşkəsə razılaşmasaydı, Rusiya tərəfi onu beynəlxalq ictimaiyyət qarşısında ittiham edə bilərdi. Bu baxımdan Zelenskinin qərarı müəyyən qədər taktiki xarakter daşıyır”.

Ekspert vurğulayıb ki, hazırkı mərhələdə bu atəşkəsin müharibənin taleyində həlledici dönüş yaradacağı ehtimalı aşağıdır: “Əlbəttə, bu cür addımlar müharibənin dayanması üçün ümid yaradır. Beş ilə yaxın davam edən münaqişə hər iki tərəf üçün ciddi insan itkiləri və iqtisadi-humanitar fəsadlar doğurub. Əgər bu proses real sülhə gətirib çıxarsa, bu, yalnız alqışlana bilər. Amma indiki şəraitdə bunun baş vermə ehtimalı çox aşağı görünür. Yaxın günlərdə, xüsusilə 9 May tədbirləri çərçivəsində veriləcək mesajlar vəziyyətin gələcək inkişafına müəyyən aydınlıq gətirə bilər. Rusiya rəsmilərinin, o cümlədən Dmitri Peskovun açıqlamalarına əsasən, Prezident Putinin 9 May çıxışı mühüm mesajlarla yadda qala bilər. Lakin bunun konkret hansı məzmun daşıyacağını əvvəlcədən demək çətindir. Hər halda, bu müharibənin bitməsi həm region, həm də dünya üçün, o cümlədən Azərbaycan üçün olduqca vacib olardı. Zaman hər şeyi göstərəcək”.

Günel Elxan

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
18
icma.az

1Mənbələr