AZ

BƏƏ kral ailəsi Aİ subsidiyalarından milyonlar qazanıb

Bizimyol saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) hakim Əl Nəhyan ailəsinin Avropa İttifaqının kənd təsərrüfatı subsidiyalarından son illərdə 71 milyon avrodan çox vəsait əldə etdiyi üzə çıxıb.

Bizimyol.info xəbər verir ki, DeSmog tərəfindən aparılan və “Guardian” qəzeti ilə paylaşılan, eləcə də İspaniyanın “El Diario” və Rumıniyanın “G4Media” nəşrlərinin birgə araşdırmaları göstərib ki, ailəyə bağlı şirkətlər Rumıniya, İspaniya və İtaliyada yerləşən iri təsərrüfatlar vasitəsilə milyonlarla avro subsidiya alıb.

Məlum olub ki, əsas gəlir Rumıniyanın “Agricost” şirkəti üzərindən əldə olunub. Şirkət Avropa İttifaqının ən böyük fermasına – 57 min hektarlıq əraziyə sahibdir. Təkcə 2024-cü ildə “Agricost” 10,5 milyon avro subsidiya alıb ki, bu da orta statistik Avropa fermasının aldığı məbləğdən yüzlərlə dəfə çoxdur.

Əl Nəhyan ailəsi dünyanın ən zəngin kral sülalələrindən biri hesab olunur. Onların sərvətinin 320 milyard dollardan artıq olduğu bildirilir. Buna baxmayaraq, ailəyə bağlı aqrar şirkətlər Aİ-nin Ümumi Kənd Təsərrüfatı Siyasəti (CAP) çərçivəsində ayrılan vəsaitlərdən geniş şəkildə yararlanır.

Mütəxəssislər bildirirlər ki, CAP sistemi subsidiyaları əsasən torpaq sahəsinin ölçüsünə görə hesabladığı üçün iri torpaq sahiblərinə üstünlük verir. Bu səbəbdən milyarder ailələr və böyük korporasiyalar milyonlarla avro əldə etdiyi halda, kiçik fermerlər daha az dəstək alır.

Araşdırmada qeyd olunur ki, BƏƏ Avropadakı təsərrüfatlardan əsasən heyvan yemi və kənd təsərrüfatı məhsulları istehsal edərək onları Körfəz ölkələrinə ixrac edir. Bu siyasət ölkənin ərzaq təhlükəsizliyi strategiyasının bir hissəsi hesab olunur. Çünki səhralıq iqlimi səbəbindən BƏƏ ərzağın böyük hissəsini idxal edir.

Məsələ Avropada ciddi siyasi müzakirələrə səbəb olub. Bir sıra deputatlar və vətəndaş cəmiyyəti təşkilatları hesab edir ki, Aİ subsidiyaları xarici milyarder ailələrə deyil, Avropa fermerlərinə yönəldilməlidir. Avropa Komissiyası artıq gələcəkdə iri təsərrüfatlara verilən subsidiyaların məhdudlaşdırılmasını təklif edib.

Qadir, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
32
bizimyol.info

1Mənbələr