Gənc yaşda vəfat edənlər haqqında İslam dininin önəmli mesajları var
Son zamanlar gənclər arasında ölüm halları artıb. Burada qəfil ölümlər, xəstəliklərin cavanlaşması və sair kimi amillər də mühüm rol oynayır. Lakin məsələnin dini tərəfi də var.
Hafta.az-ın müsahibi ilahiyyatçı Tural İrfandır:
- Dinə görə insan ömrünün uzunluğu və qısalığı necə izah olunur? Bu, əvvəlcədən müəyyən olunmuş tale, qismət sayılırmı?
- İslam dininə görə kainatda baş verən hadisələr ilahi nizam əsasında reallaşır. Bəzi hadisələr əzəldən Allah tərəfindən qurulmuş nizam, müəyyən olunmuş fiziki qanunlar çərçivəsində baş verir. Bəzi hadisələr də insanın azadlığı müqabilində öz fəaliyyətinin nəticəsi olaraq meydana çıxır. Hər iki halda əvvəlcədən müəyyənetmə var. Lakin bəzi hallarda birbaşa, bəzi hallarda isə dolayı.
Məsələn, ilahi təqdirə görə bütün canlılar sonda, müəyyən ömür müddətini keçməklə nəticədə mütləq fiziki cəhətdən öləcəklər, dünyadakı funksiyalarına son verəcəklər. Lakin bu sonun vaxtı, haçan öləcəkləri artıq öz fəaliyyətlərindən asılıdır. Sağlam həyat tərzi keçirən, təmiz təbiətli bölgələrdə yaşayanın ömrü uzun, ağır şəraitdə yaşayanın ömrü qısa olacaq. Artıq məsələnin bu hissəsi insanın öz ixtiyarındadır. Avtomobili sürətlə sürüb qəza törədib ölən öz ölümündə iştirakçıdır, o qəzanı Allah təşkil etməyib, deməkdir. Əgər Allah insan taleyini əzəldən qəlib, çərçivə şəklində dəyişməz formada müəyyən edib yazsaydı, insan robot misalında olardı və ilahi imtahan, məsuliyyət, cəza və mükafat hədər olardı. O zaman insan bütün günah və cinayətlərinin Allah tərəfindən əzəldən yazıldığını idda edərdi. Odur ki, insanın mütləq ölməyi yazıdır, lakin haçan ölməyi özünün kəsb etdiyi əməllərə, fəaliyyətə bağlıdır. Allah kimin haçan öləcəyini qabaqcadan bilir, bu, məlumat xarakterlidir, təşkiletmə xarakterli deyil.
- Gənc yaşda ölüm halları artmış kimi görünəndə, bu, ilahi bir xəbərdarlıq kimi qəbul edilə bilərmi, yoxsa sadəcə insanın qavrayışıdır?
- Gənc yaşda, ümumiyyətlə çoxsaylı uşaqların ölümü təbiət hadisələri, yaxud baş vermiş müharibələr nəticəsindədir. Belə deyim, avtomobil istehsal edən şirkətə məxsus maşınları alanlar davamlı qəza törədib avtomobilləri müddətindən əvvəl məhv edirlərsə bu, şirkətin günahı yaxud qabaqcadan təşkil etməsi anlamına gəlməz. Allah bəşəri xəlq edib, nizamı qurub, yaşam qaydalarını müəyən edərək insanı azad buraxıb. Hadisələri bu qanuna müxalif olaraq məcradan çıxarıb fəsad tərədilir, təbiət korlanır, uşaqlar, gənclər ölür. Burada məsuliyyət Yaradanın deyil, bəşərindir. Allah nəyəsə xəbərdarlıq etmək üçün günahsız insanları qurban etməz. Çünki Quranda Uca Yaradan mütləq ədalət sahibi kimi təqdim olunur. Peyğəmbərin körpə ikən bir neçə övladı vəfat edib. Birinin dəfnində Ay tutulub, səhabələr bu hadisəni uşağın ölümü ilə əlaqələndirməyə çalışıblar. Peyğəmbər qəti etiraz edərək Ay tutulmasının uşağın ölümü ilə əsla əlaqəsinin olmadığını, adi təbiət hadisəsi olduğunu bildirib.
- Quranda və ya hədislərdə gənc yaşda vəfat edənlər haqqında hansı xüsusi yanaşma var?
- Gənc yaşda vəfat edənlər haqda İslam dininin önəmli mesajları var. Həddi buluğa çatmamış vəfat edənlər şəriət mükəlləfiyyətinə çatmadıqları üçün birbaşa cənnətlik sayılırlar. İslam dini fiziki ölümü ölüm hesab etmir, sadəcə fani dünyadan əbədi dünyaya köç kimi təqdim edir. Bu dünyanı müvəqqəti imtahan dayanacağı elan edir. Bu meyarla gənc, uşaq yaşda vəfat edən şəxslərin daha xoşbəxt olduğunu demək olar. Çünki insan yaşadıqca məsuliyyəti və günahları da çoxalır. Uzun ömür yaşayan hər kəs də dünyadan imanla köçə bilmir. Bir ömürdə minlərlə, on minlərlə insanla ünsiyyətdə olur, çox zaman haqqına girir, haram yeyir, günahlara batır. Lakin bu günahları yumaq, haqqını qəsb etdiyi şəxslərdən halallıq almağa ömür çox zaman çatmır. Nəhayət axirət imtahanı uğursuz da ola bilər. Quranda Xızır peyğəmbərin azyaşlı bir uşağı qətlə yetirməsi haqda ayələr var. Musa peyğəmbər buna etiraz edərkən Xızır bunu ilahi hikmətə əsasən icra etdiyini qeyd edərək uşağın böyüyüb valideynlərini belə yoldan çıxaracaq pis bir adam olacağını bildirir. Odur ki, qabaqcadan onu fiziki həyatdan məhrum edərək həm uşağı həm də valideynlərini xilas etmiş olur. Bəzən insana bədbəxtlik kimi görünən hadisələr batini mahiyyətinə görə xoşbəxtlikdir, sadəcə insan pərdənin o biri üzünü görə bilmədiyi üçün təəssüflənir. Peyğəmbərimiz buyurmuşdur ki, həddi-büluğa çatmadan vəfat edən uşaqlar valideynləri üçün axirətdə bir sipər və şəfaətçi olacaqlar. O, vəfat edən körpələri "Cənnət quşları" adlandırmış və onların sorğu-sualsız Cənnətə girəcəyini bildirib.
Hədislərə görə, vəfat edən uşaqlar Cənnətin qapısında valideynlərini gözləyəcək və onlar gəlmədən içəri girməkdən imtina edəcəklər. Həmçinin Peyğəmbər buyurub: "Müsəlman bir şəxs üç uşağını itirərsə və buna səbr edərsə, Allah onu Cənnətə daxil edər". Kiçik yaşda vəfat edənlər hələ günah işləmədikləri və imtahana çəkilmədikləri üçün birbaşa Cənnət əhlindən sayılırlar.
Qeyd etdiymiz kimi, Peyğəmbərimiz özü də bir neçə övladını - İbrahim, Qasım, Abdullah, Tahir - kiçik yaşlarında itirib. O, oğlu İbrahim vəfat edəndə ağlasa da, bunun insani bir mərhəmət olduğunu, lakin Allahın qədərinə üsyan etməmək lazım olduğunu vurğulamışdır. Ölüm hamı üçündür və ilahi təqdirdir. Lakin kimin haçan ölməsi xəstəlik, qəza, təbiət hadisələri ilə əlaqəlidir.
- Din baxımından qəza, xəstəlik və sair kimi qəfil ölümlər necə izah olunur, bu yalnız ilahi iradədirmi, yoxsa insanın həyat tərzi də rol oynayır?
- Qəza, təbiət hadisəsi zamanı insanın ölməsini Allah əvvəlcədən bilir. Lakin bu, yazı, müqəddərat deyil. Elə olsa idi qatil məsuliyyət daşımazdı. İnsanın hərəkətləri öz ixtiyarı ilədir. Allah ümumi hərəkətvericidir. Xüsusi olaraq kəsb edən isə ixtiyar sahibi insandır. İnsan bu gücü, bu ixtiyarı xeyir üçün də istifadə edə bilər, şər üçün də. Bir sözlə insanın başına gələn hadisələrin hansında özünün rolu varsa, məsuliyyət daşıyırsa səbəbkar da özüdür. Yox, özündən asılı olmayan məsələ ilə qarşılaşırsa, artıq bu, Allahdandır demək.
- Niyə bəzi insanlar uzun ömür sürür, bəziləri isə gənc yaşda vəfat edir? Bu, ilahi ədalət baxımından necə izah olunur?
- Bəzi adamların uzun ömür sürməsi imtahandır. Günahlar sahibi olsa da hardasa xeyri, faydası ola bilərsə, Allah onun ömrünün uzanmasına kömək edir ki, daha da çox xeyir versin. Bəzən də zalım adamın ömrünü uzadır ki, günahı çoxalsın və Cəhənnəmi tam qazansın. Gənc yaşda vəfat edənlərin bəzilərini Xızır məsəlində olduğu kimi böyüyüb həm özünü, həm də başqalarını azdırmamaq üçün erkən vəfat etdirir. Bəzilərinə də hikməti sayəsində rəhm edərək dünya əzabından xilas verir. İbadətsiz, zəhmətsiz erkən yaşdan Cənnətinə alır. Biz dünya məntiqi ilə müqayisə edərək hadisələrə zahiri qiymət veririk. Zahirən götürsək, Xızırın körpə uşağı öldürməsi cinayət və böyük günah idi. Lakin batini mənada, hikmət baxımından bu hadisə uşağın və valideynlərinin xilası idi. Odur ki, baş verən hadisələrin gizli mahiyyətini və əsl səbəblərini tam bilən yalnız Allahdır. İnsan yalnız görünən tərəfləri bilə bilir.
- Günahsız hesab edilən gənclərin və ya uşaqların ölümü hansı hikmətlə əlaqələndirilir?
- Müasir insanların ölümün cavanlaşdığını ilahi müqəddərata bağlamaları təzadlıdır. Ölümün cavanlaşması da insanların fəaliyyəti ilə bağlıdır. Kimyəvi silahlar, süni qidalar və digər zərərli vərdişlərin meydana çıxması, təbiətin korlanması nəticəsində insanların fiziki və ruhani aləmi korlanır və stres, xəstələr artır, beləcə ölüm cavanlaşmış sayılır. Bütün ölümlərin tibbi səbəbi var. Hansısa orqanın funskiyasını itirməsi, yaxud xəsarət alması nəticəsində insan ölümü baş verir. Həmin orqanın sıradan çıxması da mühitin, qidaların, yaşam tərzinin rolu ilədir. Demək bu kimi ölümlərdə Allahın əlinin olduğunu düşünmək yanlışdır, əksinə insanlığın fəsadlarını, mənfur əməllərini səbəb göstərməliyik.
Hədislərdə deyilir ki, Qiyamətin, yəni dünyanın dağılmasının əlamətlərindən biri də qəfil ölümlər olacaq. Bu, o deməkdir ki, insanlar təbiəti o dərəcədə məhv edəcəklər ki, qəfil ölümlər baş verəcək. Atmosfer, təbiət təbii funksiyasını o dərəcədə itirəcək ki, dünya məhv olacaq. Buna da yenə insan səbəbkardır.
- Texnologiya və informasiya bolluğu insanların ölümə baxışını dəyişə bilirmi?
- Teopolitologiya və informasiya bolluğu insanların həyata baxışlarını dəyişə bilər. İlahi hikmətdən yoxsul adamlar üçün ölüm dəhşət və yoxluqdur. Lakin maddi dünyaya yox, mənəvi aləmə, Yaradana ümid bağlayan üçün ölüm əksinə, əzablardan qurtuluşdur. İmam Əli yaralanarkən son sözü bu oldu: "Kəbənin Rəbbinə and olsun ki, xilas oldum." Ölümü hər din, hər inanc fərqli formada anlatsa da əksəriyyəti fiziki ölümün mütləq yoxluq olmadığını deyir.
- Dinə görə insan ölümün qaçılmazlığını necə sağlam şəkildə qəbul etməlidir?
- Dinin təqdim etdiyi sistemə görə insan ölümü yox olmaq kimi qəbul etməməlidir. İslama görə ölüm, yəni yox olmaq deyə bir şey yoxdur. Bir aləmdən başqa aləmə keçiş var. Bəzən deyirlər ki, alimlər ölümsüzlük üçün səy göstərir, yollarını axtarırlar. Lakin bu gülüncdür. Filosoflar sübut edir ki, insanın, ümumiyyətlə bəşəriyyətdəki hər bir fiziki cismə malik canlının quruluşu, funksiyaları maddədən təşəkkül tapıb. Maddə isə bölünən və sonludur. Cismin eyni şəraitdə, eyni formada sonsuza qədər mövcud olması fiziki qanunlara ziddir, mümkünsüzdür. Allah da aləmi fiziki qanunlara tabe edib. Demək elm də din dediyi sonuca varır ki, hər canlının müəyyən müddəti var. Lakin mənəvi, ruhani tərəfinin əbədiyyətindən söhbət gedir ki, o da bu dünyaya aid deyil. Çünki bu dünyanın fiziki qanunları hansısa varlığın eyni dünyada ədəbi qalmasını mümkünsüz edir. Demək insanın ikinci hissəsi olan ruh özünəməxsus başqa bir aləm aləm üçün yaradılıb. Həmin aləmə keçidi isə ölüm təmin edir. Əbədi aləmin olmadığı kainatı xəlq etmək ilahi hikmətə ziddir. Demək mütləq bu görünən dünyanın digər üzü də var. Nəticələr orada ortaya çıxacaq və yaşamın, həyatın mənasının əsli əməllər müqabilində qazanılmış cəza və mükafat şəklində təqdim olunacaq. Əks halda, hər şey bu dünya ilə sonlanarsa mənasız və nəticəsiz iş olar ki, yenə bu da Allah üçün qəbuledilməzdir. Aləmlər arasında sədd var. İnsan ana bətnindəki keçmiş halını xatırlamadığı kimi, gələcəyi, axirəti də dərk edə bilmir. Bu, məsuliyyət və imtahan üçündür. Əgər pərdələr götürülsə nizam pozular, ilahi hikmət faş olar.