AZ

Tim Stekkinqer: Ticarət texnologiyalarının rəqəmsallaşdırılması Azərbaycanın Orta Dəhlizdə mövqelərini gücləndirəcək

Bakı, 7 may, AZƏRTAC

Azərbaycanın rəqəmsal ticarətdə əhəmiyyətli üstünlükləri var. Ölkənin coğrafi mövqeyi inkişaf üçün əlverişli şərait yaradır. Orta Dəhlizin inkişafında fəal iştirak və müasir texnologiyalardan səmərəli istifadə sayəsində Azərbaycanın ticarət həcmi və beynəlxalq əhəmiyyəti durmadan artacaq.

AZƏRTAC xəbər verir ki, bu açıqlamanı Dünya İqtisadi Forumunun (WEF) “TradeTech” təşəbbüsü və rəqəmsal ticarət üzrə rəhbəri Tim Stekkinqer Bakıda keçirilən layihə təqdimatı zamanı verib.

O qeyd edib ki, Azərbaycan innovativ yanaşmalar nümayiş etdirir. Təşəbbüsün rəhbəri bunu özünün ölkəyə daxil olmaq üçün elektron vizadan istifadə təcrübəsi ilə əsaslandırıb.

Stekkinqer vurğulayıb ki, davam edən iş prosesinin məqsədi digər ölkələrlə ticarəti rahat və səmərəli etmək üçün Azərbaycanın rəqəmsal infrastrukturunu daha da inkişaf etdirməkdir.

WEF eksperti kağız əsaslı sənəd idarəçiliyindən müasir həllərə keçidin vacibliyini vurğulayıb. O qeyd edib ki, hətta ən müasir infrastruktur olsa belə, Şanxaydan gələn qatarlar kimi malların hərəkəti hələ də kağız sənədlər tələb edərsə, ticarət yavaşlayır. Buna görə də əsas diqqət ticarət əməliyyatlarını sadələşdirmək və optimallaşdırmaq üçün hazırlanmış blokçeyn texnologiyalarının, həmçinin digər rəqəmsal alətlərin tətbiqinə yönəlib.

Müxbir – Pərvanə Qafarova

Foto – Səfiyar Məcnun
Seçilən
5
azertag.az

1Mənbələr