ABŞ-da milyarder Cefri Epşteynin ölümündən bir neçə həftə əvvəl yazıldığı ehtimal olunan məktub ictimaiyyətə təqdim edilib.
KONKRET.az xəbər verir ki, CNN-in məlumatına görə, federal hakim sənədi açıqlayıb və məktub Epşteynin mümkün vida qeydi kimi qiymətləndirilir.
Məktubda çoxaylıq araşdırmanın heç bir sübut ortaya çıxarmadığı qeyd olunur. Sənəddə həmçinin belə ifadə yer alıb:
“Məndən nə istəyirsiniz, ağlayım və şikayət edim? İnsanının vida zamanını özü seçməsi böyük nemətdir.”
ABŞ mediası bildirir ki, məktubun həqiqətən Epşteyn tərəfindən yazılıb-yazılmadığı hələ tam təsdiqlənməyib.
The New York Times qəzetinin məlumatına əsasən, məktub Epşteynin kamerasındakı yoldaşı Nikolas Tartalyone tərəfindən onun ölümündən bir neçə həftə əvvəl baş verdiyi iddia olunan intihar cəhdindən sonra aşkarlanıb.
Sənəd Tartalyonenin cinayət işi çərçivəsində federal hakim tərəfindən məxfi saxlanılıb və uzun müddət Nyu-York məhkəmələrindən birində gizli qalıb. Daha sonra Tartalyone məktubun məxfiliyinin aradan qaldırılması üçün məhkəməyə müraciət edib.
Cefri Epşteyn azyaşlı qızlara qarşı seksual zorakılıq və fahişəlik şəbəkəsi yaratmaqda ittiham olunurdu. O, 10 avqust 2019-cu ildə Nyu-Yorkdakı Manhattan Metropolitan Correctional Center həbsxanasında ölü tapılıb.
Epşteyn işi ilə bağlı yayımlanan materiallarda bir sıra tanınmış şəxslərin adları çəkilib. Onların arasında Böyük Britaniya şahzadəsi Endryu, ABŞ prezidenti Donald Tramp, keçmiş prezident Bill Klinton, İsrailin sabiq baş naziri Ehud Barak, aktyor Kevin Speysi, müğənni Maykl Cekson, illüzionist Devid Kopperfild və başqaları yer alıb.
ABŞ Federal Təhqiqat Bürosu (FBI) və Ədliyyə Nazirliyi daha əvvəl bildirmişdi ki, araşdırma zamanı tanınmış şəxslərdən ibarət “müştəri siyahısı”nın mövcudluğunu təsdiqləyən sübut tapılmayıb. Rəsmi qurumlar həmçinin Epşteynin kamerada intihar etdiyi qənaətinə gəldiklərini açıqlayıblar.
Müşviq Tofiqoğlu
KONKRET.az