ain.az, Bizimyol saytına istinadən bildirir.
“Zəngəzur dəhlizi olduqca mühüm əhəmiyyət daşıyır. Azərbaycan Naxçıvanla birbaşa quru bağlantısı yaradacaq xəttin açılmasını strateji məsələ hesab etdiyi halda, Ermənistan suverenlik həssasiyyətləri səbəbindən daha ehtiyatlı mövqe sərgiləyir. Türkiyə isə bu xətti yalnız Azərbaycanla əlaqə yaradacaq layihə kimi deyil, eyni zamanda Türk dünyasının inteqrasiyasını gücləndirəcək strateji geosiyasi açılım kimi qiymətləndirir. Fransa və bəzi Avropa çevrələrinin isə bu prosesdə Ermənistanın təhlükəsizlik və suverenlik narahatlıqlarını ön plana çıxardığı görünür. Bu səbəbdən Makronun Ermənistanla əlaqəli hər hansı diplomatik addımı birbaşa bu böyük geosiyasi müzakirələrin içinə daxil olur”.
Bu barədə Bizimyol.info xəbər portalına Diplomatiya və Strateji Araşdırmalar Mərkəzinin (DASAM) sədri Mehmet Gökhan Özçubukçu danışıb.
O qeyd edib ki, Türkiyə baxımından məsələyə yanaşdıqda Ankaranın son dərəcə diqqətli və çoxşaxəli balans siyasəti yürüdüyü görünür. Türkiyə bir tərəfdən Ermənistanla nəzarətli normallaşma prosesini davam etdirməyə çalışır, digər tərəfdən isə Azərbaycanla strateji uyğunluğa zərər verəcək hər hansı görüntüdən yayınır.
Çünki Ankara üçün Cənubi Qafqaz siyasəti yalnız Türkiyə–Ermənistan münasibətləri üzərindən formalaşmır. Burada enerji təhlükəsizliyi, TANAP və Bakı–Tbilisi–Ceyhan kimi strateji enerji xətlərinin qorunması, Orta Dəhlizin işləkliyi, Türk Dövlətləri Təşkilatının inteqrasiyası və regional güc balansları kimi daha geniş hesablamalar mövcuddur. Son illərdə Türkiyə ilə Azərbaycan arasındakı münasibətlər yalnız klassik müttəfiqlik səviyyəsində inkişaf etməyib, xarici siyasət refleksləri, diplomatik koordinasiya və regional böhran idarəçiliyi baxımından da böyük ölçüdə uzlaşmış vəziyyətə gəlib.
Bu səbəbdən iddialarda yer alan “Azərbaycanla aparılan məsləhətləşmələrdən sonra bu ssenaridən imtina edildiyi” fikri doğru olsun və ya olmasın, mövcud regional balans baxımından olduqca mənalı təsəvvür yaradır.
Ekspertin fikrincə, bu proses Rusiyanın bölgədəki rolu baxımından da diqqətçəkicidir. Ukrayna müharibəsindən sonra Moskvanın Cənubi Qafqaz üzərindəki təsirinin nisbətən zəifləməsi Avropa İttifaqı və Fransa kimi aktorların bölgədə daha görünən hala gəlməsinə səbəb olub. Xüsusilə Avropa İttifaqının Ermənistan sərhədində müşahidə missiyası yerləşdirməsi, Fransanın İrəvana verdiyi siyasi dəstək və Qərbin bölgədə daha fəal davranmağa başlaması Rusiya tərəfindən diqqətlə izlənilir. İran isə şimal sərhədlərində yarana biləcək yeni geosiyasi düzəni öz təhlükəsizlik perspektivindən qiymətləndirir və xüsusilə Zəngəzur dəhlizi ilə bağlı müzakirələrə həssas yanaşır. Buna görə də bu gün Cənubi Qafqazda atılan hər diplomatik addım yalnız iki ölkə arasındakı münasibətləri deyil, daha geniş regional güc balansını təsirləndirmə potensialı daşıyır.
İradə Cəlil, Bizimyol.info
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.