AZ

Metroda itən əşyaların taleyi necə olur?

Bizimyol portalından alınan məlumata görə, ain.az xəbər verir.

"Sənəd və ya əşyanın sahibi müəyyən edilməzsə, onlar bir ay müddətində Tapıntılar Bürosunda saxlanılır”Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı metrosunda itirilən əşyaların taleyi və onların sahiblərinə qaytarılması prosesi ilə bağlı məsələyə aydınlıq gətirib. Bununla bağlı həm Bakı Metropolitenində Polis İdarəsindən, həm də Bakı Şəhər Baş Polis İdarəsinin Tapıntılar Bürosundan sorğumuza cavab verilib. Qurumların rəsmiləri bildiriblər ki, tapılan əşyalar müəyyən müddət xüsusi nəzarətdə saxlanılır və sahiblərinin tapılması üçün müvafiq tədbirlər görülür.Belə hallarla qarşılaşan vətəndaşlar metroda itirdikləri əşyaları tapmaq üçün hansı qurumlara və necə müraciət etməlidirlər?

Məsələ ilə bağlı suallarımızı Bakı Metropolitenində Polis İdarəsinə və Bakı Şəhər Baş Polis İdarəsinin Tapıntılar Bürosuna ünvanladıq. Hər iki qurumdan Bizimyol.info xəbər portalının sorğusuna cavab olaraq bildirilib ki, əşyalar xüsusi saxlanc yerində qorunur.

DİN-in Mətbuat Xidmətinin əməkdaşı Lumu İsrəfilli Bizimyol.info xəbər portalına bildirib ki, əşyalar ilkin olaraq stansiyadakı polis idarəsinin növbətçi hissəsinə təhvil verilir: “Bakı Metropolitenində itirilmiş əşyalar polis əməkdaşları tərəfindən aşkarlandıqda ilkin olaraq stansiyadakı polis idarəsinin növbətçi hissəsinə təhvil verilir. Daha sonra əşyalar xüsusi saxlanc yerində qorunaraq saxlanılır. Əgər sənəd və ya əşyanın sahibi müəyyən edilməzsə, onlar bir ay müddətində Tapıntılar Bürosunda saxlanılır. Bu müddət ərzində sahibinin müəyyənləşdirilməsi üçün bütün mümkün vasitələrdən istifadə olunur. Əgər bu dövrdə heç kim müraciət etməzsə, əşyalar qanunvericiliyə uyğun şəkildə aidiyyəti qurumlara təhvil verilir”.

Məsələ ilə bağlı DİN Mətbuat Xidmətinin əməkdaşı Cəsarət Qəmbərli də bildirib ki, tapılan bütün əşyalar Bakı Metropolitenində Polis İdarəsində saxlanılır və polis əməkdaşları tərəfindən sahiblərinə qaytarılması üçün qorunur: “Vətəndaş əşyasının itməsi ilə bağlı müraciət etdikdə Polis İdarəsinə dəvət olunur. Prosedura uyğun olaraq qəbz tərtib edilir, əşya isə sahibinə təhvil verilir. Vətəndaş əgər bir ay ərzində müraciət etməzsə, tapılan əşyalar Bakı Şəhər Polis İdarəsinin Tapıntılar Bürosuna təhvil verilir”.

Günel Həsənova, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
31
bizimyol.info

1Mənbələr