ain.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bakı, 7 may, AZƏRTAC
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə Yeni Azərbaycan Partiyasının (YAP) təşəbbüsü ilə Tərtər rayonunun Ələsgərli kəndində 200-dən çox ailənin məişət şəraitini yaxşılaşdıran texniki su xətti istifadəyə verilib.
Partiyadan AZƏRTAC-a verilən məlumata görə, layihə çərçivəsində, həmçinin kənd mərkəzində yeni park salınıb.
Bununla bağlı təşkil olunan mərasimdə çıxış edən Milli Məclisin deputatı Anar Məmmədov Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyindəki misilsiz xidmətlərindən danışıb. Bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə olunan uğurlar dahi şəxsiyyətin ideyalarının təntənəsidir.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov bildirib ki, Prezident İlham Əliyev Tərtərin sosial-iqtisadi inkişafını daim diqqətdə saxlayır. O qeyd edib ki, Ələsgərli kəndində yeni su xəttinin çəkilişi və parkın istifadəyə verilməsi regionlarda aparılan quruculuq işlərinin nümunəsidir.
YAP Mərkəzi Aparatı rəhbərinin müavini Ramilə Bədəlova diqqətə çatdırıb ki, layihə Prezident İlham Əliyevin həyata keçirdiyi sosial inkişaf kursuna partiyanın növbəti töhfəsidir. Ələsgərli kəndində 200 ailənin su ilə təmin olunması və yeni istirahət məkanının yaradılması isə partiyanın xalqla birliyinin və insanların qayğılarına həssas yanaşmasının göstəricisidir.
Partiyanın Tərtər rayon təşkilatının sədri Eldar Əsədov bildirib ki, yeni su xəttinin çəkilişi insanların rahatlığı və rifahına xidmət edir. O, Prezident İlham Əliyevin “Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır” fikrini xatırladaraq partiyanın mühüm sosial layihələr həyata keçirdiyini vurğulayıb.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.