Bu ilin əvvəlindən ölkəmizdə müşahidə etdiyimiz qeyri-sabit hava şəraiti – şaxtalar, intensiv yağıntılar bir daha göstərdi ki, artıq aqrar istehsal davamlı deyil, daimi bir təhdid və risk altındadır.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu sözləri “Aqrar Sığorta Fondu”nun İdarə Heyətinin Sədri Fuad Sadıqov Bakıda keçirilən “Risklərə Qarşı Aqrar Sığorta Çətiri” mövzusunda Aqrar Sığorta Forumunda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, ilin əvvəlindən bəri ölkə ərazisində sığortalanmış fermerlər tərəfindən Aqrar Sığorta Fonduna zərərlərin ödənilməsinə dair müraciətlər daxil olub:
“İlin əvvəlindən bir 9 min hektar əkin ərazilərində tam və yaxud qismən ziyan dəyməyi barəsində müraciətlər daxil olub. Bu 9 min hektarın 8 min hektarı yalnız aprel ayında bizim şimal bölgələrimizdə – Qubada, Xaçmazda, Şabranda baş verən sel və subasma nəticəsində olub. Görürük ki, fermerlərimiz 3 ay normal fəaliyyətlərini davam etdirirlər, dördüncü ayda isə hadisə baş verir və kifayət qədər ciddi kütləvi zərərlərlə üz-üzə qalırlar”.
“Bu hadisələr nəticəsində artıq bir 13 milyon manatlıq aqrar istehsala tam və yaxud qismən ziyan dəyməyi barəsində məlumat var. Bu fakt göstərir ki, bu, istehsalçının maliyyə dayanıqlığına birbaşa mənfi təsir edir və sığorta mexanizmlərinin əhəmiyyətini çox-çox artırır”.