Idman.biz saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Son vaxtlar Misli Premyer Liqasında yaşanan hakim qalmaqalları Azərbaycan futbolunda ən çox müzakirə olunan mövzulardan birinə çevrilib.
Beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev mövcud vəziyyətlə bağlı fikirlərini İdman.Biz-lə bölüşüb.
O bildirib ki, azərbaycanlı hakimlərin əksəriyyəti hələ formalaşma mərhələsindədir və gərgin mövsüm ərzində təcrübə toplayırlar:
“Bizdə təcrübəli hakimlər olsa da, əsas yük daha çox gənc nəslin üzərinə düşür. Hər sahədə olduğu kimi, burada da səhvlər olur. Azərbaycan hakimləri təcrübə topladıqca səhvləri minimuma endirməyə çalışırlar. Düşünürəm ki, onlar hər şeyi anlayır və öz üzərlərində işləyirlər. Əminəm ki, mövsümün sonuna yaxın hakimlər daha diqqətli və obyektiv olacaqlar, klubların da narazılığı azalacaq. Bu mövsüm çempionatda rəqabət kifayət qədər gərgindir. Bir neçə komanda avrokuboklara vəsiqə uğrunda mübarizə aparır. Belə qarşılaşmalarda hakimlərin maksimum diqqətli və ədalətli qərarlar verməsi vacibdir. Çempionatın həlledici mərhələsində hakimlərimizə uğurlar arzulayıram”.
Asim Xudiyev əlavə edib ki, mübahisəli hakim qərarlarına təkcə Azərbaycanda deyil, bütün dünyada, o cümlədən Çempionlar Liqası və FIFA turnirlərində də rast gəlinir.
O vurğulayıb ki, Azərbaycan hakimləri “Qarabağ” - “Neftçi”, “Sabah” - “Qarabağ” və “Zirə” - “Kəpəz” kimi bir sıra oyunları yüksək səviyyədə idarə ediblər.
Təcrübəli mütəxəssisin sözlərinə görə, Azərbaycan futbolunun müxtəlif liqalarında hakimlik səviyyəsi arasında ciddi fərq yoxdur.
O bildirib ki, əsas fərq klubların oyun səviyyəsində hiss olunur və bu göstəricilər daha yüksək ola bilər:
“Əlbəttə, bu mövsümün əsas sürprizi “Sabah” oldu. Komanda klub tarixində ən yaxşı nəticəni əldə edib və biz onları bu uğur münasibətilə təbrik edirik. “Zirə” və “Turan Tovuz” da yüksək yerlər uğrunda mübarizə aparan əsas komandalar sırasındadır. Düşünürəm ki, növbəti mövsüm daha maraqlı olacaq, çünki digər klublar da rəqabətin nə demək olduğunu hiss etdilər”.
Leyla Eminova
İdman.Biz
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.