Gender bərabərliyinin təmin olunması məqsədilə işəgötürənlərin bərabər əməkhaqqı təmin etmək öhdəliyi konkretləşdirilib.
bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Əmək Məcəlləsinə edilən dəyişiklikdə əksini tapıb.
Dəyişikliyə əsasən, işəgötürən cinsindən asılı olmayaraq eyni və ya bərabər dəyərli müxtəlif işi yerinə yetirən işçilərə bərabər əməkhaqqı ödəməyə borcludur. İşin bərabər dəyərli olması əmək şəraiti, əmək funksiyasının xarakteri və qüvvədə olan vahid tarif-ixtisas sorğu kitabçalarında nəzərdə tutulmuş tarif-ixtisas xüsusiyyətləri nəzərə alınmaqla işəgötürən tərəfindən müəyyən edilməlidir.
Müvafiq olaraq “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” qanuna olunan dəyişikliyə əsasən, 9.1-ci maddə yeni redaksiyada verilib. Beləliklə, işəgötürən tərəfindən cinsindən asılı olmayaraq eyni və ya bərabər dəyərli müxtəlif işi yerinə yetirən işçilərə əməkhaqqı bərabər ödənilməlidir. İşin bərabər dəyərli olması Əmək Məcəlləsinin tələblərinə uyğun olaraq əmək şəraiti, əmək funksiyasının xarakteri və qüvvədə olan vahid tarif-ixtisas sorğu kitabçalarında nəzərdə tutulmuş tarif-ixtisas xüsusiyyətləri nəzərə alınmaqla işəgötürən tərəfindən müəyyən ediləcək.