AZ

Azərbaycan Milli İncəsənət Muzeyində “Mədəniyyətlərin dialoqu: Qazaxıstan Azərbaycan” adlı beynəlxalq sərginin açılışı keçirilib

ain.az, Bizimyol portalına istinadən məlumat yayır.

Mayın 6-da Azərbaycan Milli İncəsənət Muzeyində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Qazaxıstan Respublikası Mədəniyyət və İnformasiya Nazirliyi və Azərbaycan Milli İncəsənət Muzeyinin təşkilatçılığı ilə Abılxan Kasteyev adına Qazaxıstan Respublikası Milli İncəsənət Muzeyinin kolleksiyasından ibarət “Mədəniyyətlərin dialoqu: Qazaxıstan – Azərbaycan” adlı beynəlxalq sərginin təntənəli açılışı keçirilib.

Bizimyol.info portalı muzeyə istinadən xəbər verir ki, tədbirin açılış mərasimində Azərbaycan Respublikasının Mədəniyyət nazirinin müavini Səadət Yusifova, Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru  Şirin Məlikova, Qazaxıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Alim Bayel, Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov və Abılxan Kasteyev adına Qazaxıstan Respublikası Milli İncəsənət Muzeyinin direktoru Qulaim Jumabekova çıxış ediblər. Çıxışlarda Azərbaycan və Qazaxıstan arasında mədəni əlaqələrin inkişafı, türk xalqlarının ortaq bədii irsi, təsviri sənətin mədəni dialoqda rolu və sərginin iki ölkə arasında əməkdaşlığın möhkəmləndirilməsinə verdiyi töhfə vurğulanıb. Sərgidə təqdim olunan əsərlərin Qazax xalqının tarixi, məişəti, təbiəti və milli kimliyini əks etdirdiyini qeyd ediblər.

Azərbaycan Milli İncəsənət Muzeyinin 90 illik yubileyi çərçivəsinndə keçirilən sərgidə Qazaxıstanın müxtəlif nəsillərə aid rəssamlarının 30-a yaxın rəngkarlıq əsəri təqdim olunur. Azərbaycan Milli İncəsənət Muzeyi müstəqillik dövründə ilk dəfə olaraq keçmiş sovet respublikalarına aid əsərlərin saxlanıldığı fondlarına müraciət edərək sərgidə tanınmış qazax rəssamlarının qrafika və rəngkarlığa aid 8 əsərini nümayiş etdirir. Layihə Qazaxıstanın bədii irsini geniş mədəni-tarixi kontekstdə dərk etməyə yönəlmişdir.

Qazaxıstan tarixən müxtəlif sivilizasiyaların və bədii ənənələrin intensiv qarşılıqlı təsir zonasında inkişaf

etmişdir ki, bu da onun təsviri sənətinin özünəməxsusluğunu müəyyən etmişdir.

Ekspozisiya müxtəlif nəsillərə aid rəssamların yaradıcılığından keçən dayanıqlı tematik xətləri üzə çıxarır: insan və təbiət münasibətləri, köçəri sivilizasiyasının ənənəvi həyat tərzinin interpretasiyası, kollektiv yaddaş fenomeni və tarixi transformasiyalar şəraitində mədəni kimlik axtarışları.

Ekspozisiyada milli rəngkarlıq məktəbinin formalaşmasının kökündə duran sənətkarların — Abılxan Kasteyev, Moldaxmet Kenbayev, Kanafiya Teljanov, Nurbek Tansıkbayev və Mariya Lizoqubun əsərləri mühüm yer tutur. Burada akademik məktəb ilə köçəri mədəniyyətinə söykənən obrazlı təfəkkür üzvi şəkildə birləşir.  İlk peşəkar qazax qadın rəssamı Ayşə Qalimbayeva, Sabur Mambeyev, Salixitdin Aytbayev və Şaymardan Sariyevin əsərlərində isə obrazın daxili məzmununa, onun rəmzi və fəlsəfi aspektlərinə diqqət daha da artır. Mənzərə, natürmort və tematik tablo janrları burada yalnız vizual motivlər deyil, həm də məkanın, mədəniyyətin və zamanın bədii dərki üsulları kimi çıxış edir.

Qazaxıstan təsviri sənətinin banilərindən biri olan Abılxan Kasteyevin yaradıcılığı muzey kolleksiyası üçün böyük əhəmiyyət kəsb edir. 1984-cü ildən muzeyin adını daşıdığı ilk qazax rəssamı, fitri istedad sahibi olan bu sənətkar təbiətə sadiq qalaraq realistik əsərlər yaratmışdır. Onun rəngkarlıq hekayələri çöl köçərisinin həyatına və onun təbiətlə ayrılmaz vəhdətinə həsr olunub. Ustadın bədii dünyası insanın və təbiətin harmonik birliyi daxilində Qazaxıstanın real mənzərələri ilə üzvi şəkildə bağlıdır. Bunun bariz nümunəsi ölkənin rəmzlərindən biri olan, Zaili Alatausunun ətəklərində yerləşən hündür  dağlıq buz meydançasına həsr olunmuş “Yüksək dağ buz meydançası Medeo” əsəridir.

Ekspozisiyada ilk peşəkar qazax qadın rəssamı olmuş Ayşə Qalımbayevanın rəngkarlıq əsərləri təqdim olunur. Onun əsərləri qazax məişət dünyasını açır, qadının ocaq qoruyucusu kimi təsvir olunduğu ənənəvi məkanın rahatlıq və daxili harmoniya atmosferini ötürür. “Aport”, “Dadlı çay”, “Yun qırxanlar” kimi işləri yalnız onun peşəkar ustalığını deyil, həm də gündəlik əşyalarda gözəlliyi görmək bacarığını nümayiş etdirir.

Milli motivlərə 1960-cı illər nəslinin nümayəndələrindən biri olan Tursın Abuov müraciət edir. Onun natürmortlarında ənənəvi gündəlik əşyalar — kişi baş geyimi, kəmər, dombra — qazax keçə xalçası olan tekemetin fonunda təsvir olunaraq təntənəli və dekorativ-simvolik məna kəsb edir.

Ekspozisiyanın birləşdirici prinsipi köçəri mədəniyyətinin formalaşdırdığı xüsusi məkan anlayışıdır. Moldaxmet Kenbayev, Salixitdin Aytbayev, Ari Şkolnı və Janatay Şardenovun əsərlərində çöl və dağ mənzərələri yalnız təbii mühit kimi deyil, həm də bədii obrazın quruluşunu və xarakterini müəyyən edən dünyagörüşü kimi açılır. Bu məkan sərt sərhədlərdən məhrum, insanın ətraf aləmlə üzvi vəhdət halında mövcud olduğu açıq və sonsuz bir mühit kimi düşünülür. Bu kontekstdə rəssamların məkan həlləri konkret mənzərəni qeydə almaqdan daha çox, dünyanın və insanın oradakı yerinin dərin qavrayışını əks etdirən daxili ritmi, miqyası və fəlsəfi məzmunu ötürməyə yönəlmişdir.

İnsan, təbiət, məişət və əmək obrazları vasitəsilə ekspozisiyada mobillik, məkan açıqlığı və insanla təbiət arasındakı xüsusi əlaqə tipinə əsaslanan qazax mədəniyyətinin özünəməxsusluğu üzə çıxarılır. Bunun bariz nümunəsi Kanafiya Teljanov, Muhit Kalimov, Bəxtiyar Tabiyev və Tokbolat Toqusbayevin əsərləridir. 1960-cı illər nəslinin nümayəndələri olan B. Tabiyev və T. Toqusbayevin yaradıcılığı bədii təfəkkürün yeni mərhələsini — rəng və formanın ifadə imkanlarına diqqətin artdığı dövrü əks etdirir. B. Tabiyevin rəngkarlığı zərif koloristik həlli ilə fərqlənir ki, burada ənənəviçilik onun bədii kredosunu və dünyagörüşü mövqeyini formalaşdıran əsas prinsip kimi çıxış edir. Öz növbəsində, T. Toqusbayevin əsərləri dekorativ ümumiləşdirməyə və milli motivlərin müasir bədii dil kontekstində yenidən dərk edilməsinə meyilliliyi nümayiş etdirir.

Sərgi avqustun 31-dək davam edəcək.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
23
bizimyol.info

1Mənbələr