AZ

Mədəniyyət diplomatiyası kontekstində media və yumşaq güc məruzə

ain.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 7 may, AZƏRTAC

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun şöbə müdiri fəlsəfə elmləri doktoru, professor Roida Rzayeva mayın 7-də Türkiyənin İstanbul şəhərində keçirilən “Türk dünyasında cəmiyyət, mədəniyyət və yumşaq güc” adlı beynəlxalq konfransda iştirak edib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, konfransda Türk dünyasında siyasi, sosial və mədəni sahələrdə gedən proseslər müzakirə edilib.

Azərbaycanlı alim konfransın “Yumşaq güc, diplomatiya və media” bölməsində “Mədəniyyət diplomatiyası kontekstində media və yumşaq güc” adlı məruzə ilə çıxış edib.

Professor məruzəsində müasir dövrdə medianın cəmiyyətin siyasi həyatındakı əhəmiyyətli rolundan bəhs edib. Onun sözlərinə görə, hazırda siyasi məzmunun kütləvi yayılmasında texnoloji bir dönüş nöqtəsindən danışmaq olar; inandırıcı kommunikasiya texnologiyaları ənənəvi mediadan daha geniş şəkildə sosial mediada istifadə olunur. Professor medianın ictimai şüurun yaranmasında və dəyişməyində rol oynadığını qeyd edib. O, bir cəmiyyətin siyasi şüurunun onun tarixi inkişaf trayektoriyasının və düşüncə tərzinin xüsusiyyətləri ilə formalaşdığını vurğulayıb.

Məruzədə bu gün “yumşaq güc”ün siyasətdə dəyişən vurğunun təzahürlərindən biri olduğu qeyd olunub. Diqqətə çatdırılıb ki, müasir dövrdə “yumşaq güc” qeyri-zorakı təsir üsulları, texnologiyalar vasitəsilə geostrateji məqsədlərə çatmaq üçün istifadə olunur, bu da onu effektiv idarəetmə siyasətinin bir forması edir. “Yumşaq güc” anlayışının əsas komponentlərindən biri bilikdir və informasiya cəmiyyəti inkişaf etdikcə onun dünyada rolu davamlı şəkildə artır.

Konfrans iştirakçıları professor R.Rzayevanın tədqiq etdiyi mövzuların aktuallığını qeyd ediblər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
17
azertag.az

1Mənbələr