AZ

Köhnə dadlar hara yox oldu? Markalar bizi belə aldadır

ain.az xəbər verir, Demokrat.az saytına əsaslanaraq.

İstehlak bazarlarında uzun illərdir dəyişməyən brend adları eyni qalsa da, bir çox qida məhsulunun dadındakı fərqlər istehlakçılar tərəfindən ciddi narazılıqla qarşılanır. Xüsusilə beynəlxalq markaların istehsal prosesinin Bakıya köçürülməsi ilə müşahidə olunan bu dəyişiklik, yerli istehsalın keyfiyyət standartlarını yenidən gündəmə gətirib. Böyük şirkətlərin regional bazarlar üçün tətbiq etdiyi fərqli reseptura siyasəti isə eyni markanın müxtəlif ölkələrdə fərqli keyfiyyətdə təqdim olunmasına şərait yaradır.Qida təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova mövzu barədə Demokrat.az-a açıqlamasında deyib ki, insanlarda dad reseptorlarının əsas formalaşma dövrü təxminən 8 yaşa qədər davam edir:

Sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova

“Bu baxımdan, xüsusilə orta və yuxarı yaşlı insanları nəzərə alsaq, onların uşaqlıq dövründə istehlak etdiyi qidaların keyfiyyəti bugünkündən xeyli fərqli idi. Həmin dövrdə istifadə olunan xammallar daha təbii olur, qidalarda kimyəvi qatqılar azlıq təşkil edir və emal prosesi minimal səviyyədə qalırdı. Bu səbəbdən, o zamanlar hazırlanan şirniyyatların dadı da xammalın keyfiyyətindən asılı olaraq daha fərqli və təbii olurdu. Eyni zamanda, qida çeşidliliyi də indiki qədər geniş deyildi. Məsələn, əvvəllər şirniyyat olaraq cəmi 3-4 növ tort mövcud idisə, bu gün tortların sayı və çeşidləri demək olar ki, saysız-hesabsızdır. Müasir dövrdə qida hazırlanarkən istifadə olunan qatqılar və müxtəlif dad uyğunlaşdırma texnikaları da xeyli dəyişib. Əvvəllər kərə yağı, təbii şəkər, saf kakao və kakao yağı kimi məhsullara üstünlük verilirdisə, bu gün daha ucuz alternativlərdən istifadə halları artıb. Məhsulların daha cəlbedici görünməsi və uzun müddət xarab olmaması üçün palma yağı, qarışıq yağlar, süni dadlandırıcılar və aromavericilər geniş şəkildə tətbiq olunur. Bəzi hallarda kakaonun özündə belə müxtəlif qarışıqlar olur ki, bu da onun təbii dad və qoxusunun azalmasına səbəb olur”.Mütəxəssis qeyd edib ki, hazırda xammalın keyfiyyət standartları aşağı düşüb və rəf ömrünü uzadan kimyəvi maddələr ümumi dad profilini tamamilə dəyişib. Digər təhlükəli məqam isə müasir qidalanmanın gənc nəslin dad yaddaşına vurduğu zərbədir. "Fast-food" və paketlənmiş məhsulların tərkibindəki maddələr uşaqların dadbilmə qabiliyyətini manipulyasiya edir.“Xammalın keyfiyyət standartları dəyişir, məhsulların rəf ömrünü uzatmaq üçün müxtəlif kimyəvi qatqılardan istifadə edilir və bu da ümumi dad profilinə təsir göstərir. Digər vacib məqam isə dad reseptorlarının formalaşmasına müasir qidalanmanın təsiridir. Xüsusilə gənc nəsildə, 8 yaşa qədər olan dövrdə uşaqların böyük əksəriyyəti paketlənmiş, konservantlı və uzunmüddətli saxlanma xüsusiyyətinə malik məhsullardan, eləcə də fast food və hazır qidalardan istifadə edir. Bu qidaların tərkibində olan kimyəvi maddələr dad reseptorlarının düzgün inkişafına mənfi təsir göstərə bilər. Məsələn, geniş istifadə olunan mononatrium qlutamat (E621) xalq arasında “çin duzu” kimi tanınan maddə dad hissiyatına təsir edərək “umami” adlanan beşinci dadın formalaşmasına səbəb olur. Bu isə bəzi hallarda insanların ənənəvi və təbii qidalara qarşı marağının azalmasına, dad zövqünün dəyişməsinə gətirib çıxara bilər. Bundan əlavə, insan faktorunun özü də mühüm rol oynayır. Uşaqlıq dövründə ilk dəfə tanış olunan dadlar yadda qalır və illər sonra həmin dadlara bənzər qoxu və ya ləzzət hiss edildikdə nostalji effekt yaradır, insanı keçmiş xatirələrinə qaytarır. Müasir dövrdə isə qidaların rəngarəngliyi və çeşidliliyi artmaqla yanaşı, marketinqin təsiri də güclənib. Reklamlar, filmlər və animasiyalar vasitəsilə müəyyən qidalara maraq yaransa da, bu məhsulların dadı çox vaxt uzunmüddətli yaddaşda iz buraxmır. Bu da müasir dövrdə dad zövqünün dəyişməsinə təsir edən əsas amillərdən biri hesab olunur”.Qısası, qidaların dadının dəyişməsi həm istehsalda təbii xammalın ucuz kimyəvi əvəzedicilərlə əvəzlənməsi, həm də süni dadlandırıcıların insanların dadbilmə qabiliyyətini korlaması ilə bağlıdır.Leyla Turan

Demokrat.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
14
demokrat.az

1Mənbələr