AZ

Hörmüz boğazında diplomatiya ümidi birjalarda qiymətləri yüksəltdi

Yaxın Şərqdəki hərbi risklərin diplomatik yolla həlli ümidi qlobal maliyyə bazarlarında kəskin yüksəlişə səbəb olub. 

“Euronews” telekanalı xəbər verir ki, diplomatik yumşalma xəbərləri investorların risk iştahını artıraraq həm Asiya, həm də ABŞ birjalarını rekord hədlərə çatdırıb.

Yaponiyada səhmlər 5,7 faiz bahalaşaraq tarixi zirvəyə çatıb. Bu artımda əsas rolu süni intellekt və çip istehsalı ilə məşğul olan texnologiya şirkətləri oynayıb. Oxşar yüksəliş Honq-Konq, Tayvan və ABŞ bazarlarında da qeydə alınıb. Xüsusilə, “NVIDIA”, “AMD” və “Super Micro Computer” kimi şirkətlər ən çox qazandıranlar sırasındadır. Geosiyasi gərginliyin azaldılmasına dair xəbərlər neft qiymətlərində kəskin enişə səbəb olsa da, qiymətlər hələ də yüksək həddə qalır. Brent nefti qısa müddətə 100 ABŞ dollarının altına düşsə də, yenidən 101,78 dollar səviyyəsində sabitləşib. Eyni zamanda, qızılın qiyməti də rekord həddə, hər unsiya üçün 4.700 ABŞ dolları civarında ticarət olunmaqla investorların hələ də ehtiyatlı davrandığını göstərir.

Bazarlar hazırda iki əsas amilin təsiri altındadır. Bir tərəfdən Yaxın Şərqdəki hərbi risklərin diplomatik yolla həlli ümidi, digər tərəfdən isə texnologiya sektorunun göstərdiyi güclü maliyyə nəticələri. Neftin 100 dollar ətrafında qalması inflyasiya qorxularını saxlasa da, ümumi bazar tendensiyası hələlik yüksəliş istiqamətindədir.

Təhminə VERDİYEVA,

“Azərbaycan”

Seçilən
47
azerbaijan-news.az

1Mənbələr