AZ

Deklan Rays – ÇL-də həftənin oyunçusu! – ARENA.AZ

“Arsenal”ın yarımmüdafiəçisi Deklan Rays UEFA Çempionlar Liqasında (ÇL) yarımfinal mərhələsinin cavab oyunlarının ən yaxşısı seçilib.

Arena.az bu barədə UEFA-nın rəsmi saytına istinadən xəbər verir.

Belə ki, bu gün ÇL-də həftənin oyunçusu açıqlanıb. Bu ada Deklan Rays layiq görülüb. O, digər namizəd Vilyan Paçonu (PSJ) geridə qoymağı bacarıb.

26 yaşlı oyunçu ÇL-in yarımfinal mərhələsi çərçivəsində doğma meydanda qarşılaşdıqları “Atletiko” (Madrid, İspaniya) ilə matçda komandasının 1:0 hesablı qələbəsinə inamlı oyunu ilə töhfə verib. “Topçular” qələbə sayəsində qitənin ən nüfuzlu klub turnirinin finalına vəsiqə qazanıb.

“Arsenal” mayın 30-da baş tutacaq final qarşılaşmasında Fransa təmsilçisi PSJ ilə üz-üzə gələcək.

Xatırladaq ki, Deklan Rays futbola “Çelsi”də qədəm qoyub. Amma hələ yeniyetmə ikən “zadəganlar”ın düşərgəsindən “Vest Hem”ə keçmiş Rays “çəkicdöyənlər”in uğurları üçün çalışıb.

Rays “Arsenal”a 2023-cü ilin iyulunda 116,6 milyon avro məbləğ müqabilində “Vest Hem”dən keçib. “Dayaqçı”nın “topçular”la müqaviləsi 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Rays “Arsenal”ın heyətində 52 oyun keçirib, 5 qol vurub, 11 məhsuldar ötürmə verib. Raysın “topçular”ın heyətində çıxışının ümumi mənzərəsi 155 oyun, 21 qol və 31 məhsuldar ötürmədən ibarətdir.

Rays 2019-cu ilin mart ayında debüt etdiyi İngiltərə yığmasının heyətində 72 oyuna çıxıb, 6 qol vurub, 6 məhsuldar ötürmə müəllifi olub. “Üç şir”ə qədər Rays irland köklərinə əsaslanaraq İrlandiya yığması üçün oynayıb, aşağı yaş yığmaları ilə yanaşı, əsas yığmada da 3 oyun keçirib.

Deklan Raysın qənimətlər muzeyində “Vest Hem”lə qazandığı Konfrans Liqası (2022/2023) və “Arsenal”la qazandığı İngiltərə Super Kuboku (2023/2024) var. Həmçinin Rays 2022/2023-cü illər mövsümü üçün “Vest Hem”in ilin oyunçusu seçilib.

“Transfermarkt” internet-portalı 27 yaşlı ingiltərəli dayaq yarımmüdafiəçisinin transfer dəyərini 120 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Seçilən
49
8
arena.az

10Mənbələr