AZ

Hicran Nəsirova: Prezidentin fərdi təqaüdünə layiq görülməyim əməyimə verilən ən yüksək qiymətdir

BAKI, 7 may. TELEQRAF

“Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülmək mənim üçün təkcə böyük sevinc yox, həm də illərlə sənətə verdiyim əməyin yüksək qiymətləndirilməsi deməkdir. Bu xəbər mənə çox böyük mənəvi güc verdi. Sənət yolunda uzun illərlə çəkdiyim zəhmətin, yaratdığım obrazların dövlət səviyyəsində dəyərləndirilməsi hər bir sənət adamı kimi mənim üçün də unudulmaz və qürurverici bir hadisədir”.

Bu sözləri Teleqraf-a açıqlamasında Əməkdar artist Hicran Nəsirova deyib.

O vurğulayıb ki, Azərbaycan dövləti hər zaman mədəniyyətə, incəsənətə və sənət adamlarına xüsusi diqqət və qayğı göstərib:

“Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu bu böyük mədəniyyət siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu diqqət və qayğı sənət adamlarını daha da ruhlandırır, onları xalqı üçün daha böyük həvəslə çalışmağa sövq edir.
Bir müddətdir səhhətimlə bağlı yaranan müəyyən problemlərə görə tamaşaçılarımdan, səhnədən və ekranlardan uzaq qalmışam. Açığını desəm, tamaşaçılarım üçün çox darıxmışam. Çünki səhnə mənim həyatımın ayrılmaz bir parçasıdır. İllərlə sevdiyim sənətdən uzaq qalmaq mənim üçün çox ağır olub. Amma bütün çətinliklərə baxmayaraq, sənətə olan sevgim heç vaxt azalmayıb. Əksinə, tamaşaçı sevgisi və insanların mənə göstərdiyi diqqət məni daha da gücləndirib”.

Əməkdar artist yaxın zamanda yenidən səhnəyə və ekranlara qayıdacağına tamaşaçıları yeni obrazlarla sevindirəcəyinə inandığı da qeyd edib:

“Mənə göstərilən bu yüksək etimada, diqqətə və qayğıya görə dövlət başçısına dərin minnətdarlığımı bildirirəm. Bu cür dəyər sənət adamı üçün həm böyük stimul, həm də ömür boyu unudulmayan bir ehtiramdır”.

Seçilən
17
teleqraf.com

1Mənbələr