Prezident İlham Əliyev tərəfindən təsdiq edilən “Azərbaycan Respublikasının Əmək Məcəlləsində və “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Qanun ölkəmizdə əməkhaqqı sahəsində gender bərabərliyinin daha dolğun şəkildə təmin olunmasına yönəlib.
Publika.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Yeni Qanunla Əmək Məcəlləsinin 12-ci və 154-cü maddələrində dəyişikliklər edilib.
"Bu dəyişikliklər işəgötürənin cinsindən asılı olmayaraq eyni və ya bərabər dəyərli müxtəlif işi yerinə yetirən işçilərə bərabər əməkhaqqı ödəməyə borclu olduğunu, işin bərabər dəyərli olmasının əmək şəraiti, əmək funksiyasının xarakteri və qüvvədə olan Vahid Tarif-İxtisas Sorğu Kitabçalarında nəzərdə tutulmuş tarif-ixtisas xüsusiyyətləri nəzərə alınmaqla işəgötürən tərəfindən müəyyən edildiyini nəzərdə tutur. Həmçinin “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” Qanunda Məcəllədə edilmiş bu dəyişikliklərə uyğun dəyişikliklər edilir.
Bu dəyişikliklər əmək qanunvericiliyində gender bərabərliyi ilə bağlı yanaşmaların mütərəqqi beynəlxalq təcrübə, habelə Beynəlxalq Əmək Təşkilatının standartları əsasında təkmilləşdirilməsi istiqamətində növbəti addımdır.