AZ

Kişineu meri: WUF13 şəhərlər arasında qlobal qarşılıqlı fəaliyyətin gücləndirilməsində mühüm addım olacaq

Kişineu, 8 may, AZƏRTAC

Ümumdünya Şəhərsalma Forumunun (WUF13) Bakıda keçiriləcək 13-cü Sessiyası dayanıqlı urbanizasiya sahəsində ən əhəmiyyətli beynəlxalq tədbirlərdən biridir. Bu forumda iştirak Kişineu bələdiyyəsi üçün xüsusilə dəyərlidir, çünki tədbir şəhər rəhbərləri, beynəlxalq ekspertlər və dünyanın müxtəlif yerlərindən olan müvafiq təşkilatların nümayəndələri ilə birbaşa dialoq üçün unikal fürsət yaradır.

Bu barədə AZƏRTAC-a Kişineu meri İon Çeban bildirib.

O vurğulayıb: “Forumda iştirakımız təkcə şəhər infrastrukturunun inkişafı, davamlı mobillik, rəqəmsallaşma və sakinlərin həyat keyfiyyətinin yaxşılaşdırılması sahəsində aparıcı qlobal təcrübələr haqqında məlumat almaq deyil, həm də Kişineunun təcrübəsini təqdim etmək, beynəlxalq əməkdaşlığın genişləndirilməsi perspektivlərinin müzakirəsinə qatılmaq kontekstində geniş imkanlar yaradır”.

İ. Çeban əmindir ki, Bakıdakı forum şəhərlər arasında qlobal əməkdaşlığın gücləndirilməsində mühüm addım olacaq və müasir urbanizasiya problemlərinin effektiv həlli yollarının hazırlanmasına töhfə verəcək.

“İlk növbədə, Ümumdünya Şəhərsalma Forumu müasir urbanizasiyanın əsas problemlərinin həllinə yeni yanaşmaların hazırlanması baxımından beynəlxalq platforma kimi əhəmiyyətli rola malikdir. Onun əsas dəyəri şəhərlərin praktik təcrübəsini, ekspert biliklərini və innovativ həlləri bir araya gətirərək effektiv davamlı inkişaf strategiyaları hazırlamaqdır. Əminəm ki, Bakıdakı forum davamlı mobillik, şəhər idarəetməsinin rəqəmsal transformasiyası, ətraf mühitin dayanıqlılığı və sakinlər üçün daha rahat şəhər mühitinin yaradılması sahəsində uğurlu təcrübələrin mübadiləsi yolu ilə bu sahənin inkişafına əhəmiyyətli töhfə verəcək”, -deyə mer qeyd edib.

Onun sözlərinə görə, bu cür tədbirlər bələdiyyələr arasında beynəlxalq əməkdaşlığın gücləndirilməsinə də kömək edir. Forum sürətli urbanizasiya və qlobal problemlərin birgə həlli yollarını tapmaq zərurəti kontekstində xüsusilə vacibdir. Hər bir şəhər üçün belə tədbirlərdə iştirak təkcə ən yaxşı beynəlxalq təcrübələri mənimsəmək üçün deyil, həm də onları yerli ehtiyaclarına uyğunlaşdırmaq baxımından yaxşı fürsətdir.

Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kişineu
Seçilən
17
1
azertag.az

2Mənbələr