ABŞ Prezidenti Donald Tramp 2026-cı il Dünya Çempionatının bilet qiymətləri ilə bağlı müzakirələrə qoşulub.
Ölkəsinin Los-Ancelesdə Paraqvaya qarşı keçirəcəyi açılış oyununun biletlərinin min dollara çatması barədə danışan Tramp bu məbləği yüksək hesab edib.
"Cebheinfo.az" xəbər verir ki, "New York Post" qəzetinə açıqlama verən Tramp dürüst olsa, bu məbləği özünün də ödəməyəcəyini qeyd edərək, oyunu stadiondan izləmək istəyənlərin bu qiymətlər səbəbindən məyus olmasını istəmədiyini vurğulayıb.
Qeyd edək ki, FİFA 2026-cı il Dünya Çempionatı üçün komandaların populyarlığına görə dəyişən yeni qiymət strategiyası tətbiq edir. Bu vəziyyət, xüsusilə ev sahibi ölkənin oyunlarında biletlərin rekord səviyyəyə qalxmasına səbəb olub.
FİFA Prezidenti Canni İnfantino qiymətlərin ABŞ-dəki digər böyük idman tədbirləri ilə bənzərlik təşkil etdiyini müdafiə edərkən, ucuz biletlərin qara bazarda daha baha satılma riskinə diqqət çəkib.
Tənqidlərdən sonra FİFA bütün oyunlar üçün məhdud sayda "münasib qiymətli" kateqoriya açarkən, Kanadanın Ontario əyaləti biletlərin orijinal qiymətindən baha satılmasını qadağan edən qayda tətbiq edib.