Azərbaycan Prezidenti İlham Əliyev Roma Papası XIV Leoya Tacqoyma Günü münasibətilə ünvanladığı təbrik məktubunda qeyd edib ki, dünyada multikulturalizmin ünvanlarından biri kimi tanınan Azərbaycanda etnik və dini müxtəliflik milli sərvət kimi qorunur, bütün konfessiyalar üçün bərabər şərait yaradılır.
“Fəxr edirik ki, Azərbaycan müxtəlif din və etiqadlara mənsub insanların mehribanlıq və qarşılıqlı anlaşma şəraitində yaşadığı məkandır”, - Prezident İlham Əliyev məktubunda vurğulayıb.

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Ceyhun Məmmədov Musavat.com-a bildirib ki, Prezident İlham Əliyevin bu fikirləri Azərbaycan reallığının ifadə olunmasıdır:
“Azərbaycan tarixən müxtəlif xalqların, dillərin və dinlərin qovuşduğu məkan olub. Ölkədə fərqli etnik qruplar və dini icmalar uzun illərdir qarşılıqlı hörmət və birgəyaşayış şəraitində yaşayırlar. Bu, Azərbaycanın müsbət mənada fərqidir. Azərbaycan dünyəvi dövlətdir və dini etiqad azadlığı təmin edilir. Azərbaycan uzun illərdir multikulturalizm modelini dövlət siyasəti kimi təqdim edir. Paytaxt Bakıda məscidlər, kilsələr və sinaqoqların yanaşı fəaliyyət göstərməsi bu müxtəlifliyin simvolu sayılır. Ölkədə rus pravoslav kilsələri, katolik kilsəsi, sinaqoqlar, alban-udi kilsələri, müxtəlif məzhəblərə aid məscidlər fəaliyyət göstərir. Azərbaycan bəzi dövlətlər kimi monoetnik dövlət deyil, çox millətli ölkədir. Bu bizim üstünlüyümüzdür. Təsadüfi deyil ki, dünyada, beynəlxalq tədbirlərdə Azərbaycan dinlərarası və mədəniyyətlərarası dialoq platforması kimi qəbul olunur”.
Qeyd edək ki, Azərbaycanda rəsmi statistika və siyahıyaalmalara əsasən, 50-dən çox etnik millət yaşayır. Əsas milli azlıqlar bunlardır:
Azərbaycan türkləri – əhalinin böyük əksəriyyəti
Ləzgilər – təxminən 180-200 min nəfər
Talışlar – müxtəlif hesablamalara görə, 100 mindən çox
Ruslar – təxminən 70-80 min nəfər
Avarlar – təxminən 50 min nəfər,
Kürdlər, tatlar, saxurlar, gürcülər, yəhudilər, xınalıqlılar, hapıtlar, ingiloylar, Axıska türkləri və digər etniklər. Şimal bölgəsində ləzgilər, avarlar, saxurlar, cənubda talışlar, Qəbələ-Oğuz istiqamətində udilər və nic kəndində qədim alban-xristian icması yaşayır. Qırmızı Qəsəbə isə dünyada yəhudilərin kompakt yaşadığı nadir məkanlardan biri hesab olunur.
Ölkəmizin dini mənzərəsi də zəngindir. Əhalinin böyük hissəsi müsəlmandır. Bununla yanaşı, ölkədə müxtəlif dinlərin nümayəndələri fəaliyyət göstərir. Azərbaycanda Pravoslav xristianlar, Katoliklər, Lüteranlar, Baptistlər, Alban-udi xristian icması, dağ yəhudiləri, avropa yəhudiləri və gürcü yəhudiləri icmaları mövcuddur. Digər dini və etiqadi qruplar da ölkəmizin dini etiqad zənginliyinə aiddir. Bunlar Bəhai icması, Krişna şüuru cəmiyyəti, protestant dini cərəyanları, yəhova şahidləri və digər icmalardır.
Etibar Seyidağa,
Musavat.com