Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Şəfəq-Asiman" dəniz blokunda layihəni irəli aparacaq ən uyğun variantın müəyyənləşdirilməsi üçün blokun əlavə qiymətləndirilməsi tələb olunur.
Bunu "Report"a açıqlamasında BP şirkətinin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, bu məqsədlə hazırda Aşağı Suraxanı layına bir quyunun qazılması da daxil olmaqla gələcək fəaliyyətlərin planlaşdırılması üzrə işlər aparılır.
Xatırladaq ki, ötən ilin iyununda Bakı Enerji Həftəsi çərçivəsində BP, Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və TPAO arasında TPAO-nun Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Şəfəq-Asiman" dəniz blokuna dair hasilatın pay bölgüsü sazişinə (HPBS) qoşulmasına imkan verən bir neçə saziş imzalanıb. Razılaşmaya əsasən, bu məqsədlə Aşağı Suraxanı layına bir quyunun qazılması da daxil olmaqla əlavə qiymətləndirmə işləri həyata keçiriləcək.
"Şəfəq-Asiman" blokunda iştirak payları belədir: BP (operator – 35%), "SOCAR" (35%) və "TPAO" (30%).