AZ

Hikmət Babaoğlu: Ermənistan sülhə sadiqliyini praktik addımlarla sübut etməlidir

Bizimyol saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Ermənistan sülh gündəliyinə sadiqdirsə, regiondan kənar qüvvələrin Azərbaycan əleyhinə yönəlmiş bəyanat və təşəbbüslərinə açıq münasibət bildirməli, onların sülh prosesinə mane olduğunu bəyan etməlidir. Bu məsələdə Ermənistan Xarici İşlər Nazirliyi və digər aidiyyəti qurumların konkret və prinsipial mövqe ortaya qoyması vacib hesab olunur. Azərbaycan isə qarşılıqlı ərazi bütövlüyünün tanınmasına baxmayaraq, Ermənistan ərazisində Azərbaycanın suverenliyini şübhə altına alan qondarma təsisatların fəaliyyətini ciddi narahatlıq mənbəyi kimi qiymətləndirir.Bu şəraitdə Ermənistanın sülh prosesinə sadiqliyi regionda separatizmi təşviq edən dairələrə qarşı konkret addımlar atılmadan nə dərəcədə inandırıcı görünə bilər?

Milli Məclisin deputatı Hikmət Babaoğlu Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, regionda sülh istəməyən çoxsaylı ölkələr var, lakin bütün bunlara baxmayaraq Azərbaycan sülh üçün böyük diplomatik missiya həyata keçirib və onu əldə etməyə ən yaxın məsafəyə çatıb.

“Çox təəssüf ki, bəzi ölkələrin, xüsusən də Fransa kimi radikal mövqe tutan ölkələrin demək olar ki, bütün səviyyəli rəsmiləri sülh gündəminin əleyhinə çıxış edirlər və bu prosesdə bəzən beynəlxalq təşkilatları, bəzən Avropa Parlamenti, bəzən də Belçika və Hollandiya parlamentlərini özlərinə alət edirlər.

Məsələnin pis tərəfi ondan ibarətdir ki, Ermənistan xarici siyasət idarəsi də belə hallarda neytral qalır və bu ölkələrin mövqeyinin sülhü poza biləcəyi ilə bağlı həmin ölkələrə nə diplomatik, nə də publik şəkildə reaksiya göstərmir. Belə olan halda əlbəttə ki, Ermənistanın mövqeyi insanda şübhə doğurur. Bir tərəfdən Ermənistan Azərbaycanla sülh istədiyini bəyan edir, sülh gündəmi üzərində çalışdığını bildirir, digər tərəfdən isə bu cür radikal mövqelərə qarşı heç bir rəsmi bəyanat vermir”, – deyə deputat bildirib.

O qeyd edib ki, Ermənistan öz mövqeyini dəqiqləşdirməlidir. Əgər doğrudan da mövqeyi sülhpərvərdirsə, bunu bütün müstəvilərdə açıq şəkildə bəyan etməlidir. Sadəcə Azərbaycanla münasibətdə və ya hansısa tədbirdə “sülh” sözünün səsləndirilməsi kifayət deyil, bu yalnız bəyanatın xatirinə olmamalıdır, real diplomatik müstəvidə də öz əksini tapmalıdır. Əks təqdirdə Ermənistanın sülhlə bağlı mövqeyi ikili və qeyri-prinsipial görünür. “Mənə elə gəlir ki, Ermənistan rəsmiləri bunu aydın şəkildə dərk etməlidirlər”, – deyə deputat bildirib.

İradə Cəlil, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
313
bizimyol.info

1Mənbələr