AZ

“Betonun soyuqluğu, insanın istiliyi”: forumda yeni yanaşma

ain.az, Bizimyol portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İnteryer İnşaat Memarlıq Mebel Forumu 2026 “Həyat Keyfiyyəti” konsepti ilə şəhərsalma, inşaatın bünövrəsindən başlayaraq memarlığın forması, interyerin funksionallığı və mebelin yaratdığı komforta qədər bütün dəyər zəncirinə holistik yanaşma təqdim edir. Forum “Betonun soyuqluğu ilə dərinin istiliyini” birləşdirərək insanın yaşadığı mühiti həm texniki, həm də emosional tərəfdən yenidən düşünməyə çağırır və bu sahələr arasında daha sıx inteqrasiyanın vacibliyini ön plana çıxarır.

Tədbir çərçivəsində şəhər planlaşdırılması, davamlı memarlıq, keyfiyyətli inşaat, ağıllı texnologiyalar, interyer planlama, mebel dizaynı və həyat tərzi mövzularında panellər təşkil olunacaq. Bu müzakirələr sektorun aktual problemlərini və gələcək inkişaf istiqamətlərini əhatə etməklə yanaşı, yeni ideyaların və əməkdaşlıqların formalaşmasına da şərait yaradır.

Tədbir Azərbaycan himni ilə başlayıb, daha sonra təşkilatçılar haqqında ümumi məlumat təqdim edilib. Açılış mərhələsində forumun məqsədləri və əsas istiqamətləri iştirakçıların diqqətinə çatdırılıb.

Təşkilatçılardan olan Facemark şirkətinin rəhbəri Rafiq Hünaltay forum barədə geniş məlumat verərək tədbirin sektor üçün əhəmiyyətini vurğulayıb. Ardınca mebel və interyer sahəsinin inkişafını əks etdirən qısa film nümayiş etdirilib ki, bu da iştirakçılarda ümumi baxışın formalaşmasına töhfə verib.

Daha sonra “Azmade Group”un marketinq rəhbəri Sənan Orucov çıxış edərək şirkətin fəaliyyət istiqamətləri və bazar yanaşması barədə danışıb. O qeyd edib ki, əsas məqsəd alternativ olmaq deyil, bazarda standart formalaşdırmaqdır və bu prosesin ən vacib hissəsi düşüncə tərzinin dəyişdirilməsi və düzgün material seçimidir.

Forum gün ərzində müxtəlif panellər və müzakirələrlə davam edib, sahə üzrə ekspertlər öz baxışlarını bölüşüblər.

Fövqəladə Hallar Nazirliyinin əməkdaşı Meybala Babayev çıxışında bildirib ki, bu gün tikinti sektorunda peşəkarlıq səviyyəsi əvvəlki illərlə müqayisədə daha yüksəkdir. O qeyd edib ki, Bakı tektonik zonada yerləşsə də, inşaat standartlarına əməl edilməsi nəticəsində dayanıqlı binalar inşa olunur və təhlükəsizlik təmin edilir.

Forumda bildirilib ki, tikinti prosesində mütəmadi olaraq nümunələr götürülür və laborator analizlər əsasında qərarlar verilir ki, bu da keyfiyyətə nəzarəti gücləndirir.

İki gün davam edəcək forumda ümumilikdə 500-dən çox iştirakçının, 100-dən artıq şirkətin, dövlət qurumlarının, investorların və yaradıcı sənaye nümayəndələrinin iştirakı nəzərdə tutulur.

İradə Cəlil, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
21
bizimyol.info

1Mənbələr