AZ

ABŞ-ın dağıdıcı zərbə planı hazırdır, geri sayım başladı: Yaxın Şərq savaşı dünyanı “qaranlıq tunelə” sürükləyir

Belə anlaşılır ki, əgər, münaqişə tərəflərindən hər hansı biri emosional və ya strateji cəhətdən yanlış addım atarsa, onda, bu dəfə hərbi toqquşmaların nəticələri yalnız regionla məhdudlaşmaya da bilər... Çünki Yaxın Şərqdə başlayacaq genişmiqyaslı müharibə qlobal enerji bazarlarını, beynəlxalq ticarəti və dünya təhlükəsizlik sistemini birbaşa sarsıda biləcək səviyyəyə çatma potensialına malikdir...

Yaxın Şərqdə hərbi böhran yenidən genişmiqyaslı savaş riskini artıran təhlükəli istiqamətlər almağa başlayıb. Belə ki, ABŞ prezidenti Donald Trampın ultimatumundan sonra Yaxın Şərq “böyük partlayış” təhlükəsi ilə üz-üzə qalıb. Hər halda, Ağ Ev sahibi tərəfindən İrana yönəlik sərt ultimatum Yaxın Şərqdə onsuz da gərgin olan geopolitik situasiyanı daha da təhlükəli mərhələyə daşıyıb.

Onu da qeyd etmək lazımdır ki, “ya razılaşma, ya da dağıdıcı zərbələr” məntiqi üzərindən qurduğu təzyiq taktikası artıq siyasi-diplomatik çərçivədən kənara çıxaraq, birbaşa yeni hərbi eskalasiya xəbərdarlığına çevrilməyə başlayıb. Ağ Evdən verilən mesajlar onu göstərir ki, Tramp administrasiyası rəsmi Tehranı nüvə proqramı və regional təsir imkanları ilə bağlı mexanizmlərdən imtinaya məcbur etməyə çalışır. Və ABŞ bu hədəfinə çatmaq üçün maksimal təzyiq strategiyasını yenidən aktivləşdirib.

5f5858fe-ddca-4528-8f0e-b49cdcc473c8.jpg

Məsələ ondadır ki, son məlumata görə, Ağ Ev yaxın günlərdə İranın verəcəyi konkret cavabı gözləyir. ABŞ-ın rəsmi dairələri bildirir ki, rəsmi Tehran razılaşma şərtlərini qəbul edərsə, İrana qarşı “Epik Qəzəb” adlı əməliyyatın davam etməsinə ehtiyac qalmayacaq. Əks halda isə İranı “əvvəlkindən daha dağıdıcı bombardmanlar” gözləyir. Və bu təhdidkar bəyanat əslində, ABŞ-ın diplomatiyadan daha çox, hərbi güc nümayişinə üstünlük verdiyini də göstərir.

Maraqlıdır ki, Ağ Evdəki qənaətlərə görə, iqtisadi sanksiyalar, hərbi təhdidlər və regional təcrid prosesi İranı inadkar mövqeyindən geri addım atmağa məcbur edə bilər. Ancaq əsas problem ondadır ki, İran uzun illərdən bəri məhz belə ekstremal təzyiq strategiyalarına qarşı müqavimət modeli üzərində hərbi-siyasi sistem formalaşdırıb. Və rəsmi Tehran üçün xarici təhdidlər qarşısında güzəştə getmək yalnız beynəlxalq zəiflik deyil, həm də ölkədaxili siyasi legitimlik böhranı anlamına gəlir.

Ona görə də, bəzi Qərb ekspertləri hesab edirlər ki, İranın açıq ultimatumlar qarşısında belə asanlıqla geri çəkilmə ehtimalı olduqca zəif görünür. Əksinə, son vaxtlar yayılan məlumatlar onu göstərir ki, İran Hörmüz boğazı ətrafında hərbi aktivliyini artırır. Rəsmi Tehranın regiondakı proksi qüvvələri isə mümkün qarşıdurma ssenarilərinə hazırlanır. Və bu baxımdan, məhz Hörmüz boğazı ətrafında yaranmış gərginlik isə indi qlobal enerji bazarları üçün ən ciddi təhlükəli risklərindən biri hesab olunur.

5ea1b8968e15f4e679ec4cde45ac4f87.png

Çünki dünya neft ticarətinin böyük bir hissəsi məhz bu strateji boğazdan keçir. Burada hərbi toqquşmalar və ya dəniz nəqliyyatının bloklanması qlobal iqtisadiyyat üçün yeni enerji şoku yarada bilər. Məhz ona görə də, hazırkı hərbi böhran artıq yalnız ABŞ və İran arasındakı ikitərəfli qarşıdurma hesab olunmur. Və bu baxımdan, Hörmüz boğazı ətrafında yaranmış situasiya həm də, qlobal güclərin yeni geopolitik toqquşma xəttinə çevrilməkdədir.

Onu da qeyd etmək lazımdır ki, hazırda ABŞ Yaxın Şərq regionunda İsrail və ərəb müttəfiqləri ilə birlikdə İranın təsir dairəsini mümkün qədər məhdudlaşdırmağa çalışır. İran isə bunun qarşılığında “müqavimət oxu” strategiyası ilə Livan, İraq, Suriya və Yəməndəki silahlı qruplaşmalar vasitəsilə cavab reaksiyası verməyə hazır olduğunu göstərir. Və bütün bunlara paralel olaraq, prezident Donald Trampın İranın zənginləşdirilmiş uranı məhz ABŞ-a verməyə hazır olduğu barədə açıqlaması xüsusilə diqqəti çəkir.

Belə ki, əgər, Ağ Ev sahibinin bu iddiası doğrudursa, onda bu, böyük ehtimalla pərdəarxası danışıqların tam dayanmadığını göstərir. Yəni, qarşıduran tərəflər açıq mesajlarda sərt mövqe nümayiş etdirsələr də, buna paralel olaraq, gizli siyasi-diplomatik kanallar da fəaliyyətini davam etdirmiş ola bilər. Çünki həm Ağ Ev, həm də rəsmi Tehran anlayır ki, genişmiqyaslı savaşın hər an nəzarətdən çıxma və bütün regionu uzunmüddətli xaosa sürükləmə ehtimalı qətiyyən istisna deyil.

13c4e18e-d7bb-4c27-8cf9-6e46b342b2f1.jpg

Ona görə də, əsas qlobal təhlükə də məhz bu istiqamətdə gizlənir. Çünki hər iki qarşıduran tərəf hazırda geri addım atmaq istəmir və qlobal məkanda zəif görünməkdən ciddi şəkildə ehtiyat edir. Belə ki, Ağ Ev üçün İranın inadkar və effektiv müqaviməti ABŞ-ın qlobal hegemonluq imicinə sarsıdıcı zərbədir. İran üçün isə ABŞ qarşısında güzəştlərin edilməsi ölkədaxili siyasi sistemin ideoloji əsaslarının tamamilə sarsılması ilə nəticələnə bilər. Və belə şəraitdə ən kiçik hərbi insidentin belə, zəncirvari eskalasiyaya səbəb ola biləcəyi qətiyyən şübhə doğurmur.

Göründüyü kimi, hazırda Yaxın Şərqdəki mövcud vəziyyət olduqca təhlükəli hərbi-siyasi balans modeli üzərində dayanır. Çünki ABŞ-ın yeni hərbi zərbələri, İranın mümkün cavab addımları, Hörmüz boğazındakı eskalasiya riskləri və regional proksi qüvvələrin aktivləşməsi bir-birinə paralellik təşkil edir. Və bu, onu göstərir ki, Yaxın Şərq yenidən böyük savaş ssenarisinə sürətlə yaxınlaşır.

Belə anlaşılır ki, əgər, münaqişə tərəflərindən hər hansı biri emosional və ya strateji cəhətdən yanlış addım atarsa, onda, bu dəfə hərbi toqquşmaların nəticələri yalnız regionla məhdudlaşmaya da bilər. Çünki Yaxın Şərqdə başlayacaq genişmiqyaslı müharibə qlobal enerji bazarlarını, beynəlxalq ticarəti və dünya təhlükəsizlik sistemini birbaşa sarsıda biləcək səviyyəyə çatma potensialına malikdir. Və məhz bu önəmli məqam əksər dünya nəhənglərinin maraqlarına zidd olduğundan onların da tədricən Yaxın Şərq savaşına cəlb olunma ehtimalı mövcuddur.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu

004821fae7991696e809ed2abb664862-1.jpg

Seçilən
3
30
musavat.com

10Mənbələr