Azertag saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Naxçıvan, 8 may, AZƏRTAC
Naxçıvan Şəhər İcra Hakimiyyəti və Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə Naxçıvan şəhərində keçiriləcək silsilə tədbirlər çərçivəsində möhtəşəm konsert proqramı təşkil olunacaq.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir mayın 10-u saat 19:00-da Naxçıvan şəhərində yerləşən “Saat Meydanı” Turistik İstirahət Mərkəzi ərazisində keçiriləcək.
Konsertdə Naxçıvan Dövlət Filarmoniyasının peşəkar solistləri ilə yanaşı, Azərbaycan musiqi sənətinin tanınmış nümayəndələri də iştirak edəcəklər.
Gecədə Xalq artistləri Samir Cəfərov və Gülyaz Məmmədova, Əməkdar artist Nuriyyə Hüseynova, “Muğam” televiziya müsabiqəsinin qalibi Sərxan Bünyadzadə, eləcə də sevilən ifaçı Şəmistan Əlizamanlı səhnədə yer alacaq.
Musiqi nömrələri milli-mənəvi dəyərlərimizi, muğam və xalq musiqimizin incəliklərini, eyni zamanda, müasir bəstəkarların əsərlərini əhatə edəcək. Konsert proqramı müasir səhnə tərtibatı, işıq və səs effektləri ilə müşayiət olunacaq, tamaşaçılara yüksəksəviyyəli musiqi zövqü bəxş edəcək.
Milli musiqimizin zəngin ənənələrini əks etdirən konsert proqramı şəhər sakinləri və qonaqlar üçün əsl bayram əhvali-ruhiyyəsi yaradacaq, Ümummilli Liderin əziz xatirəsinə ehtiramın ifadəsi olacaq.
Müxbir- Nail Əsgərov
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.