AZ

Bakı Metropoliteninə böyük səlahiyyət verildi – yeni model necə işləyəcək?

Prezident İlham Əliyev "Bakı Metropoliteni" QSC-nin yenidən təşkili və bununla əlaqədar bəzi fərman və sərəncamlarında dəyişiklik edilməsi, bəzi sərəncamlarının ləğv edilməsi haqqında fərmanı ciddi müzakirələr mövzusuna çevrilib.

Yada salaq ki, fərmana əsasən, "Bakı Metropoliteni" "BakuBus" və "Bakı Taksi Xidməti" MMC-lərin ona qoşulması formasında yenidən təşkil edilib. Eyni zamanda, bununla əlaqədar bəzi fərman və sərəncamlara dəyişiklik edilib, bir sıra sənədlər isə ləğv olunub.

Qərar paytaxtın nəqliyyat sistemində vahid idarəetmə modelinin formalaşdırılması və xidmətlərin daha koordinasiyalı şəkildə təşkil edilməsi baxımından mühüm addım kimi qiymətləndirilir. Bəs bu dəyişiklik sərnişinlərə hansı yenilikləri vəd edir? Vahid idarəetmə modeli nəqliyyatda uzun illərdir müşahidə olunan problemlərin həllinə səbəb olacaqmı? Yeni struktur şəhərdaxili nəqliyyatın keyfiyyətinə və xidmət səviyyəsinə necə təsir göstərəcək?


Beynəlxalq idarəetmə sistemləri üzrə mütəxəssis Asif İbrahimov fərmanla bağlı fikirlərini Musavat.com-la  bölüşüb.

Ekspert deyib ki, Prezident İlham Əliyev tərəfindən imzalanan fərmana əsasən Bakı Metropoliteni QSC “qoşulma formasında yenidən təşkil” nəticəsində şəhər nəqliyyat sisteminin idarə olunmasında yeni inteqrasiya modeli formalaşdırılıb. Bu qərarla BakuBus və Bakı Taksi Xidməti MMC vahid struktur daxilində fəaliyyət göstərəcək:

"Əslində bu yanaşma yalnız struktur dəyişiklik kimi deyil, eyni zamanda idarəetmə effektivliyinin artırılması məqsədini daşıyan institusional bir addım kimi qiymətləndirilə bilər. Beynəlxalq praktikaya baxdıqda düzgün qərardır. Mövcud vəziyyətdə ayrı-ayrı qurumların paralel fəaliyyət göstərməsi bəzi hallarda koordinasiya çətinlikləri, xərclərin parçalanması və idarəetmə səmərəliliyində itkilər yarada bilir. Bu baxımdan inteqrasiya yanaşması daha çox maliyyə və idarəetmə optimallaşdırmasına yönəlmiş bir model kimi görünür".

Həmsöhbətimiz onu da əlavə edib ki, mövcud vəziyyəti nəzərə alsaq, fəaliyyətin vətəndaşlar şikayət edən, zərərlə işləyən, dövlət büdcəsinə milyardlarla zərər verən və rəhbərlikləri səriştəsiz qurumların bir-birinə inteqrasiya edilməsini büdcə xərclərinin azaldılmasıdır:

"Yəni sadə dildə desək, dövlət büdcəsinə zərər verən, yük olan qurumların, zərərlə işləyən dövlət qurumlarına dotasiyanın miqdarının azaldılmasıdır. Əvvəllər 3 qurumda eyni təyinatlı, eyni adlı struktur və bölmələr birləşdiriləcək, xərclər azaldılacaq. Amma ümumilikdə keyfiyyət, kəmiyyət üzrə inkişaf dinamikasını görmək istəyiriksə, struktur islahatlar həyata keçirməliyik. Yalnız struktur birləşdirib zərərimizi azaltmaqla işimiz bitmir. Bununla kifayətlənmək olmaz. Əgər məqsəd həm keyfiyyət, həm də kəmiyyət baxımından inkişaf dinamikasının təmin edilməsidirsə, paralel olaraq daha dərin institusional islahatların, performans əsaslı idarəetmə sistemlərinin və nəticə yönümlü KPI-lar, yəni fəaliyyətin səmərəlilik indikatorları və korparativ idarəetmə sistemlərinin tətbiqi zəruridir”.

Afaq Mirayiq,
Musavat.com

Seçilən
15
musavat.com

1Mənbələr