AZ

Vaşinqton razılaşmaları fonunda İrəvanın ziddiyyətli addımları

ain.az bildirir, Bizimyol saytına əsaslanaraq.

Rəsmi İrəvan Azərbaycanın ərazi bütövlüyünü şübhə altına alan qondarma qurumların fəaliyyətinin dayandırılması istiqamətində real addımlar atmır. Həmin şəxslər xaricdə keçirilən tədbirlərdə iştirak edir, separatçı mövqelər səsləndirir, Ermənistan isə nə buna mane olur, nə də açıq şəkildə etiraz edir. Bu isə regionda davamlı sülhə zidd hesab olunan ikili yanaşma kimi qiymətləndirilir.Belə olan halda, Ermənistanın bir tərəfdən qarşılıqlı ərazi bütövlüyünü tanıdığını bəyan edib, digər tərəfdən isə separatçı fəaliyyətlərə səssiz qalması sülh prosesinə nə dərəcədə uyğundur?

Milli Məclisin deputatı Vüqar İskəndərov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, 2020-ci il Vətən müharibəsi və 2023-cü ildə keçirilən antiterror əməliyyatından sonra Azərbaycan suverenliyini tam bərpa edən ölkə kimi dünya tarixində yeni bir səhifə açıb. Çünki hazırda kifayət qədər dondurulmuş münaqişələr və təhdidlər mövcuddur və onların hər biri sanki partlamış mina kimi öz “aktivləşəcəyi” anı gözləyir. Ara-sıra eskalasiyaya keçib yenidən dondurulmuş fazaya qayıdan bu münaqişələr hələ də həll olunmamış qalır. Yəni dünya bu gün minlərlə gərginliklərlə dolu qaynar bir məkana çevrilib və Azərbaycan yeganə ölkələrdən biridir ki, öz gücünə torpaqlarını azad edərək ərazi bütövlüyünü və suverenliyini tam bərpa edib.

“Azərbaycan Ermənistanla sülh müqaviləsinin imzalanması üçün beş baza prinsipi irəli sürüb, daha sonra qarşılıqlı təkliflər təqdim olunub və Vaşinqton görüşü bu prosesin ən mühüm mərhələlərindən biri kimi qiymətləndirilə bilər. Orada sülh müqaviləsinin artıq paraflanması məsələsi də öz həllini tapıb. Bu gün Ermənistan siyasi isteblişmenti ‘real Ermənistan’ anlayışından danışır, xəyali Ermənistanın artıq tarixdə qaldığını, müasir Ermənistanın isə qonşularla sülh və qarşılıqlı faydalı əməkdaşlıq şəraitində yaşamalı olduğunu vurğulayır”, – deyən deputat bildirib ki, lakin burada müəyyən paradokslar da müşahidə olunur. Ermənistan həm Rusiyadan kifayət qədər iqtisadi asılıdır, həm KTMT-nin və Avrasiya İqtisadi İttifaqının üzvüdür, bu sistemlərdən faydalanır, eyni zamanda isə vektorunu Qərbə yönəldərək Avropa institutları ilə daha sıx əməkdaşlığa can atır. Bu isə eyni anda “iki stulda oturmaq” cəhdi kimi görünür və artıq bunun fəsadları da özünü göstərir. Ölkə daxilində ciddi fikir ayrılıqları mövcuddur, cəmiyyətin radikal rusmeylli qrupları ilə yanaşı kilsə ətrafında da gərginliklər qalır.

Deputatın fikrincə, Paşinyan komandası Rusiya ilə iqtisadi-ticari dövriyyəni artırsa da, siyasi xəttdə Qərb və Avropa İttifaqı ilə münasibətləri daha da dərinləşdirməyə çalışır. Bu isə balanslaşdırılmamış siyasət təsiri bağışlayır: “Sülhdən danışan, Bakıya səfər ehtimalını gündəmdə saxlayan Paşinyan və digər rəsmi şəxslər pozitiv mesajlar versələr də, separatçı strukturların fəaliyyətinin tam dayandırılması istiqamətində konkret addımların atılmaması ziddiyyət yaradır.

Onların xaricdə fəaliyyət göstərməsi, müxtəlif ölkələrdə tədbirlərdə iştirak etməsi və separatçı mövqelərin səsləndirilməsi tam şəkildə dayandırılmayıb. Bu isə sülh gündəliyinə uyğun olmayan ikili yanaşma kimi görünür. Rəsmi İrəvan Azərbaycanın ərazi bütövlüyünü şübhə altına alan qondarma qurumların fəaliyyətinin dayandırılması istiqamətində hələ də ciddi addımlar atmır ki, bu da prosesə ziddir”.

Vüqar İskəndərov bildirib ki, əgər sülh müqaviləsindən danışılırsa, Ermənistan üzərinə düşən hüquqi və siyasi öhdəlikləri yerinə yetirməlidir. Separatçı fəaliyyətlərə şərait yaradan bütün mexanizmlər dayandırılmalı, bu fəaliyyətlə məşğul olan şəxslər isə beynəlxalq və milli qanunvericilik çərçivəsində məsuliyyətə cəlb olunmalıdır. Çünki separatizm həm beynəlxalq hüquqa, həm də milli qanunlara görə cinayət mahiyyəti daşıyır və belə fəaliyyətlərə qarşı real tədbirlər görülməlidir.

İradə Cəlil, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
16
bizimyol.info

1Mənbələr