AZ

Mirsalam Qənbərov: Yeni qəsəbə salınır, lakin kanalizasiya sistemi düzgün qurulmur

Dövlət Ekoloji Ekspertiza Agentliyində "Şəhərsalma subyektləri və memarlar üçün ekoloji tələblər, normativlər və məhdudiyyətlər" mövzusunda ictimai dinləmə keçirilib.

"Far.Az" xəbər verir ki, tədbirdə şəhərsalma subyektlərinin ekoloji öhdəlikləri, memarların layihələndirmə mərhələsində riayət etməli olduqları normativlər və "yaşıl tikinti" standartlarına uyğunluğun təmin edilməsi məsələləri müzakirə olunub.

Dövlət Ekoloji Ekspertiza Agentliyi İdarə Heyətinin sədri Mirsalam Qənbərov bildirib ki, yeni qəsəbə salınır, lakin kanalizasiya sistemi və digər ekoloji məsələlər düzgün formalaşdırılmır.

Memar Elçin Əliyev deyib ki, bu gün şəhərsalmada müasir memarlıq üslubuna və texnologiyalrtına riayət etmək lazımdır:

"Təəssüf ki, müasir binaların keçmiş binalara oxşadılması memarın günahıdır. Hesab edirəm ki, bu da memarların müasir üslubdan istifadə etməməsidir. Memardan çox şey asılıdır".

Davamlı İnkişaf İctimai Birliyinin sədri Fikrət Cəfərov tikinti şirkətlərinə çağırış edib:

"Yeni tikilən binalarda yağış sularının toplanması üçün xüsusi anbar və rezervuar sistemləri yaradılmalıdır. Son günlərdə yağan intensiv yağışlar bir daha göstərdi ki, paytaxtın mövcud infrastrukturunda ciddi yüklənmə və su idarəetməsi problemi var. Yağış sularının küçələrə və kanalizasiya xətlərinə axıdılması əvəzinə, həmin suların toplanaraq yaşıllıqların suvarılmasında istifadəsi həm ekoloji, həm də iqtisadi baxımdan səmərəli olar. Müasir şəhərlərdə artıq bu cür "ağıllı su idarəetməsi" sistemləri geniş tətbiq olunur".

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi şöbə müdirinin müavini Şahnaz Bədəlova qeyd edib ki, qurum daxilində yaşıl həllərlə bağlı qaydalar hazırlana bilər:

"Bu qaydalar hazırlanarkən şəhərin iqlimi, ekoloji məsələləri nəzərə alınmalıdır. Qaydaların hazırlanması, onların tətbiqi isə uzun vaxt tələb edir".

Müzakirələr zamanı Azərbaycan şəhərlərini, xüsusən Bakı və Abşeron yarımadasındakı yaşayış məntəqələrini daha sağlam, dayanıqlı və ekoloji cəhətdən tarazlı şəhər mühitinə çevirmək üçün beynəlxalq "yaşıl bina" standartlarının ölkə şəraitinə uyğunlaşdırılmasının zəruriliyi xüsusi vurğulanıb.

Seçilən
20
far.az

1Mənbələr