Azpolitika.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Ermənistanda iyunun 7-nə təyin edilmiş parlament seçkilərinin təşviqat kampaniyası start götürən kimi ölkənin hüquq-mühafizə orqanları silsilə həbslərə başlayıb. Hədəfdə isə əsas müxalifət oyunçularından biri "Güclü Ermənistan" partiyasıdır.
"AzPolitika" Ermənistanın Antikorrupsiya Komitəsinə istinadən xəbər verir ki, "Güclü Ermənistan" partiyasının xeyrinə seçicilərə rüşvət verilməsi faktı ilə bağlı cinayət işi başlanıb, çoxlu sayda insan saxlanılıb və ofislərdə axtarışlar aparılıb.
İstintaqın məlumatına görə, partiyanın Şirak vilayətinin Ani icması üzrə ərazi məsul şəxsi öz yaxın qohumları və digər şəxslərlə əlbir olaraq seçicilərə rüşvət paylayıb. Maraqlı məqam ondan ibarətdir ki, bu pullar vətəndaşlara rüşvət kimi deyil, partiyanın yerli ofislərində "fəal" və ya "məsul şəxs" kimi işə götürülmələri müqabilində verilən "əməkhaqqı" adı altında təqdim olunub. Əslində isə bu şəxslərin yeganə "işi" iyunun 7-də sandıq başında sözügedən partiyaya səs vermək olub.
Qalmaqalın daha bir rüsvayçı tərəfi isə seçicilərin təkcə pulla deyil, həm də təhdidlərlə şirnikləndirilməsidir. Hüquq-mühafizə orqanları bildirir ki, partiya adından çıxış edən şəxslər vətəndaşların azad seçim hüququna mane olmaq üçün "kriminal iyerarxiyada yüksək statusu olan şəxslərin" (qanuni oğruların) adından istifadə edərək onlara hədə-qorxu gəliblər.
Artan cinayət işlərinə və saxlanılan şəxslərin olmasına baxmayaraq, "Güclü Ermənistan"ın əsas fiqurlarından biri olan milyarder Samvel Karapetyan ittihamları rədd edir. O, hüquq-mühafizə orqanlarının iddialarını "əsassız" adlandıraraq, seçicilərə pul paylanması faktını inkar edib.
Qeyd edək ki, Antikorrupsiya Komitəsi hələlik neçə nəfərin saxlanıldığını və onların adlarını istintaq sirri olduğu üçün açıqlamır. Analitiklər seçki marafonu irəlilədikcə bu cür həbslərin və qarşılıqlı ittihamların daha da kəskinləşəcəyini proqnozlaşdırırlar.
"AzPolitika.info"
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.